7–10 noyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə Tbilisi şəhərində səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti “Vəkillər
və hüquqların səmərəli müdafiəsi: Süni intellekt dövrünün çağırışları” mövzusuna
həsr olunmuş beynəlxalq konfransda, eləcə də Gürcüstanda Vəkil Günü münasibətilə
təşkil edilən tədbirlərdə iştirak edib.
Müxtəlif ölkələrdən olan vəkilləri
bir araya gətirən tədbirin əsas məqsədi hüquq peşəsinin əhəmiyyətini qeyd etmək,
bilik və peşə təcrübəsi mübadiləsini təşviq etmək, habelə hüququn aliliyinin və
ortaq peşə dəyərlərinin qorunması naminə beynəlxalq əməkdaşlığı və peşəkar əlaqələri
gücləndirmək olub.
Nümayəndə heyətinin tərkibində VK Rəyasət
Heyətinin üzvü Elçin Usub və Kollegiyanın üzvü Alov Səfərəliyev də yer alıblar.
Konfransda Gürcüstanın ədliyyə
naziri, Avropa Şurası və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlikləri
iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən GVK-nın sədri
İrakli Kandaşvili iştirakçıları və qonaqları salamlayaraq, konfransın hüquq peşəsi
nümayəndələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi
baxımından əhəmiyyətini vurğulayıb.
Konfransın açılış mərasimində çıxış
edən VK sədri Anar Bağırov Gürcüstanda Vəkil Günü münasibətilə gürcü həmkarlarını
təbrik edib və dəvətə və səmimi qonaqpərvərliyə görə GVK-ya təşəkkürünü
bildirib.
Sədr Azərbaycan və Gürcüstan vəkillik
qurumları arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərə
toxunub, hər il ənənəvi olaraq keçirilən bu tədbirin müxtəlif ölkələrdən olan vəkilləri
bir araya gətirməsini yüksək qiymətləndirib.
Anar Bağırov qeyd edib ki,
texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə süni
intellektin inkişafı və hüquqi xidmətlərin rəqəmsallaşması vəkillik fəaliyyəti
üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Sədr bildirib ki,
elektron sistemlər sənədləşmə işini azalda, hüquqi xidmətləri daha əlçatan edə,
vəkillər, məhkəmələr və dövlət qurumları arasında əlaqələri asanlaşdıra bilər.
Anar Bağırov süni intellektdən
istifadə zamanı peşə sirrinin qorunması, şəxsi məlumatların təhlükəsizliyi, məlumatların
düzgünlüyü və peşə məsuliyyəti kimi məsələlərin yeni suallar yaratdığını söyləyib.
Bu baxımdan, VK Rəyasət Heyəti tərəfindən vəkillərin peşə fəaliyyətində süni
intellektdən istifadəsinə dair qaydaların hazırlanması ilə bağlı qərar qəbul
edildiyini, hazırda yerli və beynəlxalq təcrübə nəzərə alınmaqla həmin istiqamətdə
işlərin davam etdirildiyini nəzərə çatdırıb.
“Süni intellekt dövründə vəkillik fəaliyyətinin
gələcəyi və pulsuz hüquqi yardım xidmətlərinin rolu” mövzusuna həsr olunan panel
müzakirəsi zamanı çıxış edən Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub
süni intellektin hüquq sahəsinə təsiri və hüquqşünasların fəaliyyətində
yaratdığı yeni imkanlardan danışıb. O bildirib ki, süni intellekt hüquqşünas
peşəsini aradan qaldırmayacaq, lakin hüquqşünasların fəaliyyət üsulunu, gündəlik
işinin məzmununu və onlardan gözlənilən bacarıqları əhəmiyyətli dərəcədə dəyişəcək.
Həmçinin konfransda Elçin Usub Azərbaycanda
süni intellektə və pulsuz hüquqi yardıma aid yeniliklər barədə iştirakçılara məlumat
verib.
Səfər çərçivəsində VK nümayəndə heyəti
beynəlxalq təşkilatların və müxtəlif ölkələrin vəkillər kollegiyalarının rəhbərləri
ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə
mübadiləsi məsələlərini müzakirə edib.
Vəkil Günü münasibətilə tədbir
iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı Anar Bağırov VK
adından GVK sədri İrakli Kandaşviliyə xatirə hədiyyəsi təqdim edib.
Eyni zamanda Vəkil Günü münasibətilə vəkillər arasında futbol turniri də keçirilib. VK-nın futbol komandasının da iştirak etdiyi yarışda Türkiyənin vəkillərdən ibarət komandası turnirin qalibi olub.















