2026-cı il noyabrın 13-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə
açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son
dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet
istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq, bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə
üzvlük haqqının ödənilməsindən azad olunması, dövlət qulluğuna qəbul edildiyinə
görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə
baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2
vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq
edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə
etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.


