Bakıda SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Komplayens Forumu (Legal & Compliance Forum) keçirilib.
İki gün davam edən tədbirdə
hüquq, komplayens, korrupsiyaya qarşı mübarizə, investisiya mühitinin qorunması
və enerji sektorunda hüquqi tənzimləmə məsələləri müzakirə olunub.
Forumun açılış nitqi ilə
SOCAR-ın vitse-prezidenti İsmayıl Zərgərli çıxış edərək tədbirin məhz 12 noyabr
- Konstitusiya Günündə keçirilməsinin əhəmiyyətindən danışıb.
Forum çərçivəsində
açılış nitqindən sonra dövlət qurumlarının və hüquq sahəsinin nümayəndələrinin
çıxışları dinlənilib. Dövlət Vergi Xidmətinin rəis müavini Samirə
Musayeva, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin şöbə müdiri Şəmsi Rzalı və Azərbaycan Vəkillər Kollegiyasının sədr
müavini Şahmar Məmmədov tədbirdə çıxış edənlər sırasında yer alıblar.
Vəkillər Kollegiyasının
sədr müavini Şahmar Məmmədov çıxışında hüquq və komplayens məsələlərinin şirkətlərin
dayanıqlı fəaliyyəti və korporativ idarəetmənin keyfiyyəti baxımından xüsusi əhəmiyyət
daşıdığını bildirib. Sədr müavini qeyd edib ki, qlobal iqtisadi münasibətlərin
mürəkkəbləşməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi, texnoloji dəyişikliklər
biznes subyektlərinin qarşısında yeni vəzifələr qoyur.
Nəzərə çatdırılıb ki, vəkillər
biznes subyektlərinə yalnız hüquqi mübahisələr yarandıqdan sonra deyil, müqavilələrin
hazırlanması, hüquqi risklərin qiymətləndirilməsi və korporativ idarəetmə sənədlərinin
təkmilləşdirilməsi mərhələsində də dəstək göstərə bilərlər.
Şahmar Məmmədov deyib
ki, vəkillə sahibkarlıq subyektinə yalnız hüquqi mübahisə yarandıqdan sonra
müraciət edilən mütəxəssis kimi yanaşmamalıdır. Onun peşəkar bilik və təcrübəsi
şirkətin fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsində, müqavilələrin
hazırlanmasında və ekspertizasında, hüquqi risklərin qiymətləndirilməsində,
korporativ idarəetmə sənədlərinin təkmilləşdirilməsində mühüm əhəmiyyət
daşıyır.
Sədr müavini Vəkillər
Kollegiyasının Biznes Hüququ Komitəsinin sahibkarlıq subyektlərinin hüquqi
ehtiyaclarının öyrənilməsi, qanunvericilikdəki yeniliklərin təhlili və peşəkar
təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Forum çərçivəsində iki panel müzakirəsi keçirilib.


