Güclü, müstəqil və nüfuzlu vəkillik təsisatının mövcudluğu hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin mühüm şərtlərindən biridir. Ölkəmizdə hüquq sisteminin humanist və müasir prinsiplər əsasında inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi və hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində həyata keçirilən islahatlar vəkillik institutunun inkişafı üçün geniş imkanlar açmaqla yanaşı, peşəkar məsuliyyətimizi də artırır. Bu proseslər vəkilliyin cəmiyyət həyatındakı rolunun və nüfuzunun yüksəlməsinə, onun ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi kimi daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Son illərdə ölkəmizdə vəkillik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb.
Hüquq sahəsində çalışan yüzlərlə gənc mütəxəssis vəkillik fəaliyyətinə başlamaq
məqsədilə Vəkillər Kollegiyasına müraciət edir, bu peşəyə qəbul üçün müəyyən
edilmiş şəffaf və obyektiv seçim mərhələlərindən keçir. Son illər ərzində vəkillərin
sayı üç dəfədən çox artaraq 3 000 nəfəri ötüb. Bununla yanaşı, yüzlərlə vəkilliyə
namizədlərdən ibarət böyük potensialın mövcudluğu da bu peşəyə marağın davamlı
xarakter daşıdığını göstərir. Bütün bunlar ölkəmizdə vəkillik institutunun
inkişafını, peşənin ictimai nüfuzunun və hüquq ictimaiyyətindəki mövqeyinin güclənməsini
bir daha sübut edir.
Təbii ki, hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də
ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının
pozulması halları istisna edilmir. Vəkillər də cəmiyyətin digər üzvləri kimi
qanun qarşısında məsuliyyət daşıyırlar və heç bir peşə sahibi mümkün hüquqazidd
əməllərdən sığortalanmayıb. Belə hallara münasibətdə əsas prinsip isə hər bir məsələyə
fərdi qaydada, obyektiv və yalnız qanunvericiliyin tələbləri çərçivəsində
hüquqi qiymət verilməsidir.
Qeyd etmək lazımdır ki, Vəkillər Kollegiyası müstəqil, özünüidarəetmə
prinsipi əsasında fəaliyyət göstərən peşə qurumudur və vəkillərin peşə fəaliyyətinə,
habelə etik davranış qaydalarına riayət etməsinə nəzarət sahəsində
qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirir. Bu çərçivədə
Kollegiya daxil olan müraciətlərə və vəkillərin fəaliyyəti ilə bağlı iradlara həssaslıqla
yanaşır, zəruri hallarda intizam icraatları başlanılır və müvafiq qərarlar qəbul
edilir.
Belə ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən,
dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə
intizam icraatı başlanılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən
intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib. Qəbul edilən qərarlara əsasən
6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət
verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən
müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin
və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Bu göstəricilər Vəkillər Kollegiyasının peşə fəaliyyətində qanunçuluğun
və etik prinsiplərin qorunmasına, daxil olan müraciətlərin araşdırılmasına və vəkillərin
intizam məsuliyyəti məsələlərinə diqqətlə yanaşdığını nümayiş etdirir. Həmçinin
Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınmaqla, barəsində
intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Hesab
edirik ki, bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin
hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunması vacibdir.
Təəssüflər olsun ki, son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları
tərəfindən saxlanılması ilə bağlı məlumatların müxtəlif media vasitələrində
ictimaiyyətə təqdim edildiyini müşahidə edirik. Təbii ki, hər bir hüquqi proses
cəmiyyət üçün maraq doğura bilər. Bununla belə, hesab edirik ki, belə hallarda
məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə,
xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və onun Konstitusiya ilə təmin
olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılması vacibdir.
Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu
və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin
yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin
nüfuzuna ciddi xələl gətirir. Vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn
aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə
xidmət edən mühüm hüquqi institutdur. Bu baxımdan, vəkillərlə bağlı məlumatların
yayılmasında da hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına
riayət olunmasının əhəmiyyətli olduğunu düşünürük. Əlbəttə, hər bir şəxs barəsində
aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə
uyğun şəkildə həyata keçirilməli və yekun hüquqi qiymət yalnız səlahiyyətli məhkəmə
tərəfindən verilməlidir.
Eyni zamanda qeyd etmək istərdik ki, ayrı-ayrı hallarla bağlı KİV-də yayılan
məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır. Vəkillik
peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə,
peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır. Əminik
ki, bu yüksək prinsiplər qorunmaqla, həm hüquqi prosedurların obyektivliyi, həm
də cəmiyyətə təqdim edilən məlumatlar etik və hüquq qaydalar çərçivəsində
ictimaiyyətə təqdim olunacaqdır.