Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Göstərilən tövsiyənin icrası ilə bağl, həyata keçirilən tədbirlərin davamı olaraq dekabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə İsmayıllı rayonunda yerləşən Mərkəzi Uşaq Kitabxanasında bu rayonun və ətraf rayonların aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Mərkəzi Uşaq Kitabxanasında vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar. O cümlədən, 5 iddia ərizəsi, 3 apellyasiya şikayəti, müxtəlif orqan və qurumlara 10 şikayət yazılmış, 4 nəfərin sosial müavinətlərlə bağlı problemləri yerində həll edilmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.