Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun təşəbbüsü ilə veteranlarla Vəkillər Kollegiyasının üzvlərinin görüşü keçirilib.
Təşkilatın inzibati
binasında təşkil edilən tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Təşkilatın
sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov görüşün əhəmiyyətindən bəhs edərək
bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd veteranların hüquq və
qanuni mənafelərinin müdafiəsinə dəstək göstərmək, onların hüquqi maarifləndirilməsini
təmin etmək, gündəlik həyatlarında qarşılaşdıqları hüquqi problemlərin həlli
istiqamətində müvafiq köməklik göstərməkdir.
Onun sözlərinə görə,
veteranların üzləşdikləri hüquqi məsələlərin vaxtında araşdırılması, müraciətlərinə
həssaslıqla yanaşılması və qanunvericiliyə uyğun həll yollarının müəyyənləşdirilməsi
xüsusi əhəmiyyət daşıyır. Sədr müavini vurğulayıb ki, vəkillərlə veteranların
birbaşa görüşünün təşkili bu baxımdan mühüm addımdır. Belə görüşlər
veteranların hüquqi biliklərinin artırılmasına, onları narahat edən məsələlərin
peşəkar hüquqşünaslarla müzakirəsinə, eləcə də hüquqlarının müdafiəsi istiqamətində
konkret addımların atılmasına geniş imkan yaradır.
Həmçinin İ.Əhmədov vəkillərin
veteranların müraciətlərinə göstərdikləri diqqətin və hüquqi dəstəyin əhəmiyyətini
qeyd edərək, bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini
diqqətə çatdırıb. O, görüşdə iştirak edən vəkillərə təşəkkürünü bildirərək,
veteranların hüquqi problemlərinin həllinə yönəlmiş bu təşəbbüsün səmərəli nəticələr
verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hüquq
məsləhətçisi, Vəkillər Kollegiyasının üzvü Vüsalə Cəfərli əvvəlcə veteranlarla
vəkillərin bir araya gəlməsinə, onların hüquqi problemlərinin dinlənilməsinə və
müvafiq dəstəyin göstərilməsinə şərait yaratdığına görə Təşkilatın sədrinə, sədr
müavininə, eləcə də Kollegiyanın sədrinə təşəkkür və minnətdarlığını bildirib.
V.Cəfərli çıxışında qeyd edib ki, xüsusilə həyat təcrübəsi və Vətən qarşısında xidmətləri ilə seçilən veteranların müraciətlərinə həssaslıqla yanaşılması, onların hüquq və qanuni mənafelərinin qorunması hər bir hüquqşünas üçün mühüm vəzifə olmalıdır. Veteranların qarşılaşdıqları hüquqi çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi, onların dövlət qurumlarına müraciətlərinin hazırlanmasında köməklik edilməsi və hüquqi məsələlərdə düzgün istiqamətləndirilməsi hüquqi yardımın əsas istiqamətlərindəndir.
V.Cəfərli görüş çərçivəsində
veteranların hər bir müraciətinə diqqətlə yanaşılacağını, qaldırılan məsələlərin
hüquqi baxımdan araşdırılmasının və mümkün həll yollarının müəyyənləşdirilməsinin
vacibliyini qeyd edib. Vəkil belə təşəbbüslərin davamlı xarakter daşımasının
veteranların hüquqi müdafiəsinin gücləndirilməsinə və onların hüquq və qanuni mənafelərinin
daha etibarlı təmin olunmasına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Görüş çərçivəsində Təşkilatın
sədr müavini İ.Əhmədov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, vəkillər
Manya Əhmədli, İradə Hacıyeva, Xəyalə Məmmədova və V.Cəfərli veteranların
müraciətlərini dinləyib, onları narahat edən hüquqi və digər məsələlərlə
yaxından maraqlanıblar.
Vətəndaşların
qaldırdıqları məsələlər ətraflı müzakirə olunub, onları maraqlandıran suallar
cavablandırılıb, mövcud problemlərin qanunvericiliyin tələblərinə uyğun həlli
istiqamətində müvafiq hüquqi izahat və məsləhətlər verilib. Bununla yanaşı,
veteranlara hüquqi sənədlərin hazırlanmasında, aidiyyəti dövlət qurumlarına
müraciətlərin tərtib edilməsində və hüquqlarının müdafiəsi üçün zəruri
prosedurların həyata keçirilməsində birbaşa praktiki köməklik göstərilib.
Görüş zamanı bir sıra
veteranların müraciətlərində qaldırılan məsələlərin əlavə araşdırılmasına
ehtiyac olduğu müəyyən edilib. Həmin müraciətlərin araşdırılması və müvafiq
hüquqi dəstəyin göstərilməsi tədbirdə iştirak edən vəkillər tərəfindən öz üzərinə
götürülüb.
Tədbirin sonunda Təşkilatının
sədri, polkovnik C.Xəlilov görüşdə iştirak edən vəkilləri qəbul edib. Qəbul
zamanı C.Xəlilov veteranların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində
göstərilən diqqət və dəstəyə görə vəkillərə dərin təşəkkürünü bildirib. O, qeyd
edib ki, veteranlara ehtiram və qayğı göstərilməsi yalnız mənəvi borc deyil, həm
də onların qarşılaşdıqları problemlərin həllinə real dəstək verməyi,
hüquqlarının qorunmasını və qanuni mənafelərinin təmin olunmasını tələb edir. Təşkilat
sədri vəkillərin veteranlarla birbaşa görüş keçirməsini, onların müraciətlərini
dinləməsini, hüquqi məsələlərə peşəkar yanaşma nümayiş etdirməsini yüksək qiymətləndirib.
Bildirilib ki, bu cür görüşlər veteranların hüquqi müdafiəsinin gücləndirilməsi,
onların dövlət qurumlarına müraciətlərinin düzgün istiqamətləndirilməsi və
qarşılaşdıqları problemlərin qanunvericiliyə uyğun həlli baxımından mühüm əhəmiyyət
daşıyır.
C.Xəlilov gələcəkdə də
Vəkillər Kollegiyası ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd
edib, görüşün təşkilində və keçirilməsində əməyi olan bütün vəkillərə bir daha
minnətdarlığını bildirərək, onların fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, vəkillər tərəfindən ümumilikdə 54 veterana pulsuz hüquqi yardım göstərilib.





