2026-cı ilin 27 noyabr tarixində Bakı Arbitraj Mərkəzinin, Beynəlxalq Vəkillər Assosiasiyasının (BVA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq arbitrajda maraqlar toqquşmasına dair BVA təlimatları” mövzusunda seminar keçirilib.
Seminar BVA-nın Azərbaycandakı ilk tədbiri
olub. Seminar beynəlxalq arbitraj standartlarının təşviqinə, qabaqcıl hüquqi təcrübənin
paylaşılmasına və milli hüquq ictimaiyyətinin beynəlxalq arbitraj icması ilə əməkdaşlığının
genişləndirilməsinə yönəlib. Tədbir çərçivəsində Bakı Arbitraj Mərkəzinin
qaydaları ilə BVA təlimatları birgə müzakirə edilib, praktiki məşğələ keçirilib
və iştirakçıların sualları cavablandırılıb.
Tədbirin açılışında Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib. Sədr milli
qanunvericiliyin beynəlxalq standartlarla uzlaşmasının vacibliyini vurğulamaqla
yanaşı, həmin normaların praktikada düzgün tətbiqinin də xüsusi əhəmiyyət
daşıdığını qeyd edib. Anar Bağırov hüquqi çərçivənin mövcudluğunun özlüyündə
kifayət etmədiyini, onun tətbiqini təmin edən peşəkar mühitin, institusional
imkanların və etik davranış mədəniyyətinin də formalaşmalı olduğunu bildirib.
Bu baxımdan, Anar Bağırov Bakı Arbitraj Mərkəzinin
yaradılmasını ölkədə mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafı
istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirib. Qeyd edib ki, Mərkəzin
fəaliyyəti yerli və xarici sahibkarlar üçün mübahisələrin alternativ qaydada həlli
imkanlarının genişləndirilməsinə və Azərbaycanın beynəlxalq arbitraj məkanında
mövqeyinin gücləndirilməsinə töhfə verir.
Daha sonra Bakı Arbitraj Mərkəzinin İdarə
Heyətinin və Azərbaycan Arbitraj Assosiasiyasının sədri, Fransanın
Paris-Créteil Universitetinin hüquq professoru və Paris Vəkillər Kollegiyasının
üzvü Prof. Dr. Kəmalə Mehdiyeva açılış nitqi ilə çıxış edib. O, gənc arbitraj
institutu olan Bakı Arbitraj Mərkəzinin fəaliyyətinin ilk illərindən beynəlxalq
səviyyədə qəbul edilmiş ən yüksək peşəkar və etik standartları rəhbər tutmağı
prioritet müəyyən etdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, Mərkəzin məqsədi
yalnız arbitraj işlərini idarə edən institut kimi fəaliyyət göstərmək deyil, Azərbaycanda
beynəlxalq standartlara cavab verən müasir, etibarlı və dayanıqlı arbitraj mədəniyyətinin
formalaşmasına töhfə verməkdir.
Tədbirin davamında maraqlar toqquşması məsələsi
dörd hüquq mütəxəssisinin iştirakı ilə müxtəlif hüquqi və praktiki prizmadan
müzakirə olunub. Daxili hüquqşünasların perspektivindən NEQSOL Holding-in
Korporativ hüquq və birləşmə və satınalmalar departamentinin rəhbəri Leyla Həsənova
Şahingöz və AZCON Holding-in baş hüquq direktoru, Hüquq departamentinin
direktoru Dr. Toğrul Quluzadə mövzuya dair fikirlərini bölüşüblər. Bakı
Arbitraj Mərkəzinin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının Biznes hüququ komitəsinin sədri, “Apex Advisors” MMC-nin təsisçisi
və direktoru Nazlı Əhmədova isə məsələyə fərqli hüquqi və praktiki perspektivdən
yanaşaraq müzakirəyə töhfə verib. Prof. Dr. Kəmalə Mehdiyeva isə beynəlxalq
arbitraj təcrübəsi, BVA təlimatları və Bakı Arbitraj Mərkəzinin qaydaları
kontekstində maraqlar toqquşması məsələsinə toxunaraq beynəlxalq standartlarla
institusional arbitraj qaydalarının əlaqəsi və tətbiqi məsələlərini izah edib.
Müzakirələrdə arbitrlərin müstəqilliyi və qərəzsizliyi,
faktiki və potensial maraqlar toqquşmasının qiymətləndirilməsi, arbitrlərin
açıqlama öhdəliyinin hüdudları, eləcə də BVA təlimatlarının beynəlxalq arbitraj
təcrübəsində tətbiqi məsələlərinə toxunulub.
2024-cü ildə yenilənmiş BVA təlimatları beynəlxalq
arbitrajda maraqlar toqquşmasının qiymətləndirilməsi üzrə geniş qəbul edilən
standartları müəyyənləşdirir. Bu təlimatlar arbitraj icraatının şəffaflığının,
prosessual ədalətliliyinin və etibarlılığının təmin edilməsində mühüm rol oynayır.
Bu birgə təşəbbüs Azərbaycanda arbitraj institutunun inkişafı, beynəlxalq arbitraj standartlarının milli hüquq təcrübəsində təşviqi və ölkənin beynəlxalq kommersiya mübahisələrinin həlli məkanı kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.









