BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 13-cü maddəsinədə qeyd olunur ki, “Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir”. Bu postulatdan çıxış edərək bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Füzuli, Zaqatala, Beyləqan, Tərtər, Xızı, Masallı, İmişli, Mingəçevir, Yevlax və Ağcabədi rayonunda yerləşən məktəbləri əhatə etmişdir.
Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər 5 həftə davam etmiş və sonuncu – 6-cı həftə isə onların məhkəmələrin fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə mavafiq rayonların məhkəmələrinə ekskursiyalar təşkil edilmişdir.
Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunmuşdur. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanmışdır.
Qeyd olunduğu kimi bu günlərdə adları çəkilən məhkəmələrdə ekskursiyalar yekunlaşdırılmış. Məhkəmələrin sədrləri şəxsən şagidləri qəbul edərək onlara gələcək həyatlarında uğurlar arzulamış, fərqlənin şagirdləri təşəkkürnamələr ilə təltif etmiş və əyani məhkəmə prosesləri ilə tanış olmaları məqsədilə onlara şərait yaratmışdır.
Təlimlər Ağcabədi Rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirov, Bərdə rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Seymur Zeynalov, Qax rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Tahir Şamxalov, Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Hüseyn Əsgərov, “Ədalət” Vəkil Bürosunun vəkili Kənan Aşırov və Masallı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Nicat İslamov tərəfindən keçirilmişdir.
Təlim və ekskursiya zamanı çəkilmiş şəkilləri oxuculara təqdim edirik.