Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Tələbələr üçün səhnələşdirilmiş məhkəmə prosesi keçirilmişdir

21 dekabr 2018    3656 share share

19 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə III kurs “Sabah” qrupunun tələbələri tərəfindən “Kəngərli və partnyorları” Vəkil Bürosunun təşkilatçılığı ilə səhnələşdirilmiş Konstitusiya Məhkəməsi icraatı üzrə məhkəmə prosesi təşkil edilmişdir.

İlk dəfə keçirilən Azərbaycan ali məktəblərinin hüquq fakültələrində təşkil edilmiş Konstitusiya Məhkəməsi icraatı üzrə simulyasiya prosesi layihəsinin müəllifi “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili, professor Mayis Əliyev olmuşdur. Məhkəmə prosesi Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilin - Ombudsmanın sorğusu əsasında ‘‘İşsizliyin sığortası haqqında‘‘ Azərbaycan Respublikası Qanununun 1.2 və 13.1 maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (Dövlətin əsas məqsədi), 16-cı (Sosial inkişaf və dövlət), 35-ci (Əmək hüququ), 38-ci (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 147-ci (Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi) və 149-cu (Normativ hüquqi aktlar) maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə həsr olunmuşdur.

Məhkəmə prosesində rolları tələbələrdən hakimlər Elman Kərimli (sədr), Fatimə Dəmirli (məruzəçi-hakim), Pəribikə Babayeva, Turqut Quliyev, Nuridə Nağıyeva, Süsən Səfərova, Cəlal Məmmədli, Yeganə Zamanova, Əli Rövşənov, məhkəmə katibi Dilarə İsayeva, sorğuverən təşkilatın nümayəndəsi Sona Qaybaliyeva, cavabverən təşkilat - Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi İlqar Məmmədzadə, ekspert Bayram Baxşalıyev, mütəxəssislər Xanım İsmayılova və “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Rufanə Quliyeva məharətlə oynamışlar. Sonda məhkəmə prosesinin geniş müzakirəsi keçirilmiş, tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurgulanmış və tələbələrə “Kəngərli və partnyorları” Vəkil Bürosunun rəhbəri İsmayıl Kəngərli tərəfindən sertifikatlar təqdim edilmişdir.