Bu gün – dekabrın 28-i Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Yeni il və “Dünya azərbaycanlılarının həmrəylik günü” münasibəti ilə Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının bir sıra üzvləri Rəyasət Heyətinin sədr müavini Aydın Axundovun rəhbərliyi ilə Bilgəh qəsəbəsində yerləşən Təqaüd Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsini ziyarət etmiş və orada məskunlaşmış ahıl yaşına çatmış şəxslərlə görüşmüşlər.
Görüşdə Rəyasət Heyətinin sədr müavini Aydın Axundov və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov çıxış edərək, sakinlərə Rəyasət Heyətinin sədri Anar Bağırovun salamlarını çatdırmış, Yeni il və “Dünya azərbaycanlılarının həmrəylik günü” münasibətilə sakinləri təbrik edərək, onlara xoş arzularını bildirmişlər. Çıxışlar zamanı ilk dəfə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birliyinin yaradılması məqsədi ilə 16 dekabr 1991-ci il tarixdə Naxçıvan Ali Məclisi tərəfindən dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunaraq, hər il bayram edilməsi barədə qərarın əhəmiyyəti barədə məlumat verilmişdir.
Həmçinin görüş zamanı müəssisə sakinlərinin istək və arzuları dinlənilmiş, onlara pulsuz hüquq yardım göstərilmiş və bayram sovqatları təqdim edilmişdir.