Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımovanın Azərbaycan Vəkili Jurnalının XVI sayında işıq üzü görmüş mövqe yazısını oxuculara təqdim edirik.
LEX COMMISSORIA
Mülki hüquq münasibətlərinin yaranmasının əsas səbəbi olan müqavilələr tərəflər üçün müəyyən öhdəliklərin yaranmasının əsasını təşkil edir. Öhdəliklərin yaranması zamanı tərəflər müqavilə bağlayarkən münasibətlər ilk olaraq onların birinə qarşı olan etimadı üzərində qurulur. Lakin təcrübə göstərir ki, bəzən şəxslərə etimad nümayiş etdirildiyi halda məyus oluruq. Belə ki, tərəflərdən biri olan borclunun sabit iqtisadi vəziyyətinin qəflətən baş vermiş hadisələr zəminində pisləşməsi və ya ümumi iqtisadi vəziyyətin dəyişməsi səbəbindən borclu tərəfindən öhdəliyi icra etmə qabiliyyəti aşağı düşə bilir. Çox zaman belə halların baş verməsini nə kreditor, nə də borclu əvvəlcədən nəzərə almaq iqtidarında olur. Belə ki, kreditor yuxarıda göstərilən hallardan sığortalanmaq məqsədi ilə borclu tərəfindən icra edilməli olan öhdəliyin yerinə yetirilməsinə təminat almaq niyyətini ifadə edir. Öhdəliklərin icrasının təmin edilməsinin bir üsulu kimi girov hüququ çıxış edir.
Girov hüququnun əsası hələ Qədim Roma dövründən qoyulmuşdur. İnsan münasibətləri formalaşdığı zamandan onların arasında bir çox hüquqi münasibətlər yaranmağa başlayıb. Qədim dövrdən insanlar arasında yaranan hüquqi münasibətlər bu gün bizim hamımızın tanıdığı müqavilə prinsiplərini özündə əks etdirirdi. Verilən vədlər yerinə yeterilməyəndə tərəflər arasında yaranan öhdəliklərin icrası hər-hansı bir yolla təmin edilməli idi. Bəli, məhz belə münasibətlərin yaranması girov hüququnun təməlini qoyur. Girov hüququ minilliklər boyu yol keçsə də, onun məqsədi dəyişməz olaraq qalır. Girov hüququnun əsas məqsədi öhdəliklərin icra edilməsini təmin etməkdən ibarətdir. Azərbaycan qanunvericiliyində Mülki Məcəllənin normaları klassik girov müqaviləsinin bütün prinsiplərini özündə əhatə edir. Girov hüququ ikili xarakter daşıyır. Bir tərəfdən girov saxlayan tərəfdə əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsulunu özündə ehtiva edir. Tərəflər hər hansı bir öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə öz iradələri əsasında girov müqaviləsi bağlaya bilərlər. Öhdəliyi icra edən tərəf öhdəliyin lazımınca icra etdiyi zaman, bir qayda olaraq hər hansı bir problem yaşanmır. Öhdəlik sonda icra olunur və əsas öhdəliyə xitam verildiyi andan etibarən girov müqaviləsinə də xitam verilir. Əks təqdirdə öhdəliyi icra etməyən tərəf onun və ya digər şəxsin mülkiyyətində olan əşya hesabına öhdəliyin əvəzini ödəməyə məcbur qalır. Bu gün Azərbaycan qanunvericiliyi belə halları girov predmetinə tutmanın yönəldilməsi proseduru kimi tanıyır. Belə ki, qanunvericilik girova qoyulmuş əşyanın mülkiyyətçisinin hüquqlarını maksimal şərtlə qorunması üçün girova qoyulmuş predmetin açıq hərrac yolu ilə satılmasını bir imperativ norma kimi müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilən son dəyişiklikdə girov institutunda mühüm bir yenilik öz əksini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklərin edilməsi zərurəti Azərbaycan Respublikasının "Qiymətli kağızlar bazarı haqqında" Qanununun qəbul edilməsindən irəli gəlmişdir. Odur ki, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və onun məqsdlərinə xidmət edən yeni hüquq münasibəti kimi gündəmə gələn maliyyə girovu adı altında olan girovun xüsusi növü Məcəllədə təsbit olunmuşdur. Maliyyə girovunu mahiyyətini qeyd edərək bildirmək lazımdır ki, qanun tərəfindən girov müqaviləsini məhz maliyyə girovu kimi tövsif edilməsinə dair bir sıra tələblər qoyulub. Belə ki, müqavilədə tərəflər maliyyə institutlarına aid olduqda, alınan borcun yalnız tənzimlənən bazarda alğı-satqı əməliyyatlarının keçirilməsi üçün istifadə olunduqda, girovun predmetinin yalnız qiymətli kağızlar, törəmə maliyyə alətləri və pul çıxış etdikdə bu zaman yaranan girov hüququ maliyyə girovu hesab edilə bilər. Klassik girov anlayışının bu formada şahələnməsinin əsas səbəbi maliyyə girovunun predmetinə tutmanın yönəldilməsi zamanı həmin əşyanın girov saxlayanın mülkiyyətinə qeyd-şərtsiz keçməsidir. Bu isə, bu günə gədər bizim qanunvericiliyində olmayan lakin dünya təcrübəsində öz əksini tapan girov predmetinə tutmanın yönəldilməsinin digər növünü qeyd etmək lazım gəlir. Söhbət Lex comissoria şərti adı altında mövcud olan bir normanın tətbiqindən gedir. Lex Comissoria şərti ənənəvi olaraq qədim Roma hüququndan qaynaqlanmışdır. A. D. E. Levis və D. J. Ibbetson “Roma hüququnun ənənələri” kitabında yazır: Lex Commissoria şərtinə görə borclu öhdəliyi icra etmədiyi təqdirdə girova qoyulmuş əmlakın qeyri-şərtsiz olaraq girov saxlayanın mülkiyyətinə keçməsidir. Lakin, bu şərtin mövcudluğuna müəyyən bir dövr ərzində Romada qadağa qoyulsa da, sonralar onun istifadəsinə faktiki olaraq müəyyən şərtlərlə icazə verilmişdir.
Girov hüququnda Lex Commissoria şərtinin mövcudluğu geniş istifadə olunmasa da bu günlərə gədər öz varlığını saxlamışdır. Bəzi ölkələrdə girov hüququnda bu şərtin mövcudluğuna bir sıra əsaslarla icazə verilir. Digər ölkələr isə girov müqavilələrində bu cür şərtin mövcudluğuna ümumiyyətlə qadağa qoyur.
Lakin, son illər Lex Commissoria şərtinə marağın artması müşahidə olunur. Bunun səbəbi Avropa Şurasının 2002/47/EU saylı “Maliyyə təminatlarının mexanizmləri haqqında” Direktividir. Belə ki, direktivdə girovun predmeti maliyyə alətləri və ya qiymətli kağızlar, həmçinin, pul vəsaitləri olduğu halda, girov predmetinə tutmanın yönəldilməsi zamanı tərəflərə girov predmetini satış yolu ilə realizə etməkdən başqa predmetin girov saxlayanın mülkiyyətinə keçirmək seçimi verilib. Direktiv tərəfləri formal hərəkətlərdən azad edərək maliyyə sabitliyinin qorunmasını əsas məqsəd hesab edir. Belə ki, mövcud qanunvericiliyə əsasən, girov predmetinə tutmanın yönəldilməsi zamanı girov saxlayan uzun prosedurlardan keçməlidirsə, tərəflərinin razılaşmasına əsasən müqaviləyə Lex Commissoria şərti qoyulmuşsa, bu zaman borclunun öhdəliyinin icra edilməməsi zamanı girov qoyulmuş əmlak dərhal girov saxlayanın mülkiyyətinə keçir. Qeyd edilmiş direktivin əsas məqsədi maliyyə xidmətlərinin göstərilməsi zamanı kredit riskinin qarşısının alınmasıdır. Bundan əlavə qeyd edilməlidir ki, adı çəkilən direktivə əsasən yalnız dövlət orqanları, banklar, sığorta şirkətləri, investisiya şirkətləri, klirinq şirkətləri və digər maliyyə insitutları girov müqaviləsinin tərəfləri olduğu zaman direktivin normaları məqsədəuyğun hesab edilir. Göründüyü kimi, adı çəkilən direktivi labüd edən məqam təsərrüfat subyektlərinin maliyyə əqdlərinin bağlanması üçün əlvrişli şəraitin yaradılmasıdır. Avropa Şurasının Direktivləri tövsiyyə xarakteri daşısa da, bir sıra Avropa ölkələri tərəfindən girov haqqında qanunvericiliyə Lex Commissoria şərti barədə müddəaları yerli qanunvericiliklərdə tətbiq edilmişdir. Belə ki, sözügedən direktivin təsiri altında Fransız qanunvericiliyinə edilən dəyişikliyə əsasən girov saxlayana borclu tərəfindən öhdəliklərin icra edilməməsi zamanı girov qoyulmuş əşyanı öz mülkiyyətinə keçirmək hüququ verilmişdir. Lakin, girov qoyanın maraqlarını qorumaq məqsədi ilə müəyyən olunmuşdur ki, girov predmetinin qiyməti predmet girov saxlayana ötürülən zaman müəyyən olunmalıdır. Əlbəttə, bu zaman girov qoyulmuş əşyanın qiyməti borcun məbləğindən çoxdursa, bu zaman bu fərq girov qoyana qaytarılmalıdır və əksinə, əgər girov predmetinin qiyməti girov saxlayanın tələbini ödəmək üçün yetərli deyilsə, o, çatşmayan məbləği borclunun digər əşyasından almaq hüququnu saxlayır. Hər bir halda olduğu kimi girov müqavilələrində belə bir şərtin mövcudluğunun həm mənfi, həm də müsbət tərəfləri var. Lakin, mülki hüquq münasibətlərinin müxtəlifliyini nəzərə alaraq girov predmetinə tutmanın yönəldilməsi prosedurunun icrası zamanı tərəflərə alternativ imkanın yaradılması təsərüffat subyektlərinin fəaliyyət istiqamətinin spesifikasyasından asılı olaraq bu sahədə operativliyinin təmin edilməsi kimi çıxış edə bilər.
Məhz, yuxarıda adı çəkilən direktivin yaranma səbəbi təsərrüfat subyektlərinin maliyyə xidmətlərinin göstərilməsi zamanı tutmanın yönəldilməsi prosedurunun bir çox əngəllərdən azad olunması idi. Bu da öz növbəsində maliyyə institutlarının likvidliyinin qorunmasına, qiymətli kağızlar üzrə qısa mövqelərinin dəstəklənməsinə, fond bazarında aktiv bazar əməliyyatları həyata keçirən fond bazarı iştirakçılarının kredit-borc siyasətinin təmin edilməsinə xidmət edir.