Bugün ABŞ Ali Məktəblərinin Azərbaycanlı Məzunları Assosiasiyasının (US-Educated Azerbaijani Alumni Association) idarəçiliyi və ABŞ Səfirliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyasının inzibati binasında vəkillər üçün sahibkarlıq hüququ mövzusunda seminar keçirilmişdir.
Alumni MAX Speaker proqramı çərçivəsində ölkəmizdə səfərdə olan və "Bakı Hüquq Mərkəzi" MMC-nin partnyoru Mətin Əsgər tərəfindən ölkəmizə dəvət olunmuş Sent-Louis Universitetinin professoru Patricia H.Lee tərəfindən aparılmış seminarda “Vergilər Məcəlləsində kiçik sahibkarlığın təşviqinə dair nəzərdə tutulan normalar”, “Sadələşdirilmiş vergi ödəyiciləri üçün mədudiyyətlər” və s. mövzularda müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində professor Patricia H.Lee və Vəkillər Kollegiyasının sədri Anar Bağırovun görüşü də baş tutmuşdur. Anar Bağırov tərəfindən ona son zamanlar Azərbaycanda vəkillik institutunun inkişafı sahəsində görülmüş işlər, vəkillərin sayının artırılması istiqamətində tədbirlər barədə məlumat verilmiş, eyni zamanda bu cür təlim və seminarların davamlı olaraq keçirilməsinin vəkillər üçün əhəmiyyəti qeyd edilmişdir.