Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL QURUMLARI VƏ FƏRDİ VƏKİLLƏRİN DİQQƏTİNƏ!

11 yanvar 2019    3671 share share

Vəkillər Kollegiyasının hörmətli üzvləri!

Bu videobələdçi vasitəsilə hər birinizi salamlayır və sizlərə yeni vəkil orderlərinin nümunəsi, order markası və markaların əldə olunması barədə müxtəsər məlumat vermək istəyirik.

Hər birinizə məlumdur ki, AR VK-nın Rəyasət Heyətinin 27 senytabr 2018-ci il tarixli qərarı ilə vəkil orderi və order markası haqqında əsasnamə qəbul olunmuş və bu ilin fevral ayının 1-dən etibarən ölkə üzrə yeni orderlərin və order markasının tətbiqinə başlanılması nəzərdə tutulmuşdur.

Beləliklə, yeni əsasnaməyə əsasən 2 növdə vəkil orderi mövcuddur. Onlardan biri dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order, digəri isə müqavilə əsasında təqdim edilən orderdir. Bu orderlər öz rənglərinə görə də seçilirlər. Ekranda gördüyünüz kimi, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order çəhrayı, müqavilə əsasında təqdim edilən order isə yaşıl rəngədidir. Əvvəlki orderlərdə kötüyün olması sizlərə məlumdur. Lakin yeni qaydalara əsasən, yeni orderlər köçürmə kağızı vasitəsilə 2 nüsxədə tərtib olunacaqlar. Onlardan biri vəkilə təqdim olunur, digər nüsxə də köçürmə üsulu ilə hazırlanmasına baxmayaraq, vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənməklə müvafiq olaraq qurumda və ya fərdi vəkildə saxlanılır.

Vəkil orderlərinin ölçüsü A4 formatlı olmaqla onların nümunəsini Kollegiyanın internet səhifəsində naviqasiya panelindəki ELANLAR bölməsində yerləşən DİGƏR altbölməsindən əldə etmək olar. Vəkil qurumları və fərdi vəkillər orderləri qeyd olunan nümunələrə əsasən özlərinin seçdikləri mətbəədə sifariş verə bilərlər.

Order markasına gəldikdə isə qeyd olunmalıdır ki, order markaları yalnız müqavilə əsasında təqdim edilən orderlərə yapışdırılırlar. Order markalari unkal nömrəli olmaqla bərbər, cütdürlər. Eyni nömrəli order markasının biri vəkilə təqdim olunan orderin, digəri isə qurumda saxlanılacaq orderin üzərinə yapışdırılır. Bundan başqa, order markaları xüsusi mühafizə nişanı ilə qorunur. Belə ki, markaya xüsusi cihazla ultrabənövşəyi şüalar altında baxdıqda orada Dövlət gerbinin həkk olunduğunu müəyyən etmək olar.

Şəkillərdən də göründüyü kimi, müqavilə əsasında təqdim edilən yaşıl orderin unikalığını order markasının nömrəsi təmin etdiyi halda, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən çəhrayı orderin unkiallığını təmin etmək üçün orderi dolduran şəxs onu özü nömrələyir.

Order markasının əldə olunmasına gəldikdə isə onlar sifariş əsasında və ekranda gördüyünüz VKRH-nin bank hesabına hər order markasının cütünə qabaqcadan 10 manatlıq məbləğ ödəniş edilməklə əldə edilə bilər. Bunun üçün müvafiq bank rekvizitləri eyni zamanda Kollegiyanın internet səhifəsində naviqasiya panelindəki ELANLAR bölməsində olan DİGƏR altbölməsində yerləşdirilmişdir.

Qeyd olunmalıdır ki, Əsasnaməyə əsasən, markaların paylanılmasına görə müvafiq məsul şəxs təyin olunur ki, həmin vəzifənin icrası VKRH-nın Aparatının Maliyyə və təchizat şöbəsinin müdiri Elçin Paşayevə həvalə olunmuşdur. Marka əldə edəcək və zəruri izahlatlara ehtiyacı olan şəxslər ekrandakı əlaqə məlumatları vasitəsilə Elçin müəllim Paşayevlə əlaqə saxlaya bilərlər.

Beləliklə, order markaları əldə edilməsi üçün 14 yanvar 2019-cu il tarixdən, yəni önümüzdəki Bazar ertəsi günündən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edilə bilər.

Məlumat üçün bildirək ki, yeni qaydalar və nümunələr barədə bu günlərdə aidiyyəti bütün dövlət təşkilatlarına məlumatların verilməsi təmin olunacaqdır.