Yanvarın 14-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir.
2019-cu ildə Rəyasət Heyətinin ilk iclasını giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat vermiş, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
İclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, uzun illər məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas”ı İkram Kərimov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinə əsasən (apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxsin) vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. Eyni zamanda Rəyasət Heyətinin qərarına əsasən bu gün yaradılmış Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılmışdır.
Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Fides” Vəkil Bürosu, “Sumqayıt Asan”, Goranboy və Yevlax rayon vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul olunmuş, vəkillərin mükafatlandırılması, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmışdır.
İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunmuşdur. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilmiş, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilmiş, 2 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınmışdır.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.