Dünən Vəkillər Kollegiyasının rəhbərliyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində, büronun vəkilləri, həmçinin yerli dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir.
Görüş iştirakçılarını yeni bina ilə tanış edən büronun müdiri Azər Quliyev görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində yeni istifadəyə verilmiş binada aparılmış işləri və təchizatı yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirmiş, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir. Kollegiyanın sədri sözügedən Sərəncam çərçivəsində 11 saylı Vəkil Bürosunun və digər vəkil qurumlarının zəruri texniki avadanlıqlarla təmin edildiyini və bu işlərin davam etdirildiyini qeyd etmiş, bunun ölkə rəhbərliyinin Azərbaycan vəkillik təsisatının inkişafına verdiyi xüsusi önəmin və töhfənin təzahürü olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə Rəyasət Heyəti yanında Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, vəkil İkram Kərimov çıxış edərək bildirmişdir ki, vəkillərin fəaliyyət göstərdikləri qurumlarda iş şəraitinin yaxşılaşdırılması onların səmərəli fəaliyyəti, o cümlədən ölkədə vəkilliyin nüfuzunun artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Görüşdə iştirak edən Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev son dövrdə vəkillik institunun inkişafı istiqamətində görülmüş tədbirlərin ədalət mühakiməsi prosesinə nəzərəçarpan təsiri barədə danışmış, bu sahədə aparılan mütərəqqi islahatlara görə Kollegiya rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Daha sonra Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə vəkillər və prokurorluq orqanları arasındakı peşəkar münasibətlərin inkişaf etdiyini, bununla bağlı Vəkillər Kollegiyası tərəfindən görülmüş işlərin və yaradılmış qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yunis Hüseynov uzun müddətdir ki, 11 saylı Vəkil Bürosu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Binəqədi rayonunda yaşayan aztəminatlı əhaliyə hüquqi yardım göstərildiyini, eləcə də Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən qısa zamanda bir çox islahatların aparılması və ölkədə vəkilliyin nüfuzunun artırılmasının müsbət qarşılandığını bildirmişdir.
Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Həsrət Aslanov vəkilləri yeni inzibati binanın açılışı münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.
Bundan başqa, görüş zamanı Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmış, vəkillik fəaliyyəti, həmçinin vəkillərin digər dövlət orqanları ilə münasibətləri ilə bağlı mövzularda müzakirələr aparılmışdır.