Bu gün Meksikanın Azərbaycan Respublikasındakı səfiri cənab Rodriqo Labardini Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir.
Qonaq Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən qəbul edilmiş, səfirə son dövlər ölkəmizdə vəkillərin sayının artım dinamikası, gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi, vəkil peşəsinin inkişaf etdirilməsi perspektivləri barədə məlumat verilmiş, habelə Meksika-Azərbaycan vəkilləri arasında müxtəlif təlimlər, konfransların keçirilməsi yolu ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Qeyd olunmalıdır ki, cənab Labardininin səfəri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tarixində xarici ölkə səfirinin Kollegiyaya ilk ziyarəti olaraq qiymətləndirilməldir.
Daha sonra ixtisasca da vəkil olan səfir Labardini Meksikanın Azərbaycandakı səfirliyinin 2014-cü ildə fəaliyyətə başlaması və ötən dövrdə Azərbaycan-Meksika arasında ticarət dövriyəsinin artımı, mədəni mübadilənin əhəmiyyəti barədə məlumat vermişdir.
Sonda rəsmi qonaq Rəyasət Heyətinin inzibati binası və iş fəaliyyəti barədə tanış edilmiş və qonaqla xatirə fotosu çəkilmişdir.