Bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramının rəhbəri Tomas Meyer, layihənin Azərbaycan bölməsinin təmsilçiləri Şakir Səfərbəyov və vəkil Elçin Usub Vəkillər Kollegiyasının Rəyasət Heytəini ziyarət etmişlər.
Qonaqlar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin rəhbərliyi tərəfindən qəbul edilmişdir. Ötən dövr ərzində GİZ-nin Vəkillər Kollegiyasına verdiyi texniki dəstəyi və onun nəticələri barədə fikirlər bölüşüldü. Xüsusilə ötən il vəkillər üçün inzibati prosesə dair silsilə təlimlər, regionlarda məktəblilər üçün vəkillər tərəfindən hüquqi maarifləndirmə üzrə təlimləri, habelə “Azərbaycan Vəkili” jurnalının nəşrinə dəstək təşəbbüsləri xüsusi qeyd olunmuşdur.
Görüşdə göstərilmiş dəstəyə görə Almaniya hökumətinə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə və layihənin icraçılarına təşəkkür edilmiş və gələcəkdə bu cür əməkdaşlığın davam etdirilməsinin zərurəti vurğulanmışdır.
Görüşün sonunda Regional proqramın rəhbəri Tomas Meyerə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və GIZ arasında əməkdaşlığın güclənməsinə verdiyi dəstəyə görə Rəyasət Heyətinin “Fəxri Fərman”ı və Proqramın əməkdaşı Şakir Səfərbəyova səmərəli dəstəyinə görə Rəyasət Heyətinin “Təşəkkür”ü elan edilmiş, qonaqlarla xatirə fotosu çəkilmişdir.