Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, habelə vəkilliyə qəbula dair son vəziyyət barədə iclas iştirakçılarına məlumat vermişdir.
İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılmış, o cümlədən, mart ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.
Həmçinin iclasda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Vəkillər Kollegiyasının 2019-cu il üzrə Tədbirlər Planı müzakirə edilərək qəbul edilmişdir. Qeyd olunan Tədbirlər Planı bu günlərdə Kollegiyanın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Daha sonra, 08.02.2019-cu il tarixdə Dövlət başçısının Sərəncamı ilə minimum aylıq əməkhaqqının 01.03.2019-cu il tarixdən 180 manat müəyyən edilməsi ilə əlaqədar, vəkillərin üzvlük haqqının artması məsələsi müzakirə edilmişdir. Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının 04.11.2004-cü il tarixli Təsis Yığıncağının qərarına əsasən, vəkillərin üzvlük haqları minimum aylıq əməkhaqqının 40%-i həcmində müəyyənləşdirilmişdir. Beləliklə, yuxarıda adı çəkilən Sərəncama müvafiq olaraq, bu ilin mart ayından etibarən vəkillərin ödəməli olduqları aylıq üzvlük haqqı 72 manat olmalıdır. Lakin, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamına əsasən, regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması, yeni qəbul edilmiş və gələcəkdə qəbul edilməsi nəzərdə tutulan vəkillərimizin və hüquqşünaslarımızın həvəsləndirilməsi, habelə vəkillərin üzvlük haqqının qalan hissəsindən azad edilməsi məqsədilə, iclasda, 2019-cu ilin mart ayından etibarən regionlarda fəaliyyət göstərən vəkillər tərəfindən 50 manat, Kollegiyaya yeni qəbul olunmuş vəkillər üçün fəaliyyətlərinin ilk ilində 40 manat və Bakı şəhərində fəaliyyət göstərən vəkillər tərəfindən isə 60 manat məbləğində üzvlük haqqı ödənilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, qərarın icrası növbəti ilin eyni dövründə yenidən baxılmaq şərtilə, 1 il müddətinə müəyyən edilmişdir.
Məlum olduğu kimi, bu yaxınlarda Arzərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə müavinətlərin verilməsi ilə bağlı yaranmış məsələ həll edilərək, həmin müavinətlərin verilməsi təmin edilmişdir. Məsələyə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə qeyd olunan Sərəncamın qəbulunadək olan 3 aylıq dövrdə Vəkillər Kollegiyasının Bakı və Abşeron rayonunda yerləşən vəkil büroları (Bakı şəhəri 2,3,4,5,11,12,14,19,20 saylı, Kəngərli və partnyorları, Abşeron rayon və Xırdalan şəhər vəkil büroları) tərəfindən 180-dən artıq şəhid ailələrinin üzvlərinə hüquqi yardım göstərilmişdir. Rəyasət Heyətinin iclasında bu işdə əməyi olan 56 vəkilə “Təşəkkür” elan edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.