Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasın əvvəlində 26 fevral – Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Xocalı soyqırımı qurbanları və onların ailələrinə Vəkillər Kollegiyası üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı təklif səsləndirmiş, yekdilliklə qərar qəbul edilmişdir. Bundan başqa, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbula dair son vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi barədə iclas iştirakçılarına məlumat vermişdir.
İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının və vəkil qurumlarının inzibati binalarında, fərdi qaydada və ya vəkil kabinetlərində fəaliyyət göstərən vəkillərin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarının təsdiq edilməsi məsələrinə baxılmış, o cümlədən Vəkillər Kollegiyasına aid əmlakın, möhürlərin və vəkillik fəaliyyəti ilə bağlı digər sənədlərin təhvil-təslim edilməsi üçün «Təhvil-Təslim Komissiyası”nın yaradılması barədə qərar qəbul edilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 14.02.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Kərimov “Fəxri Fərman”la təltif edilmişdir.
İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.