Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASININ RƏHBƏRLİYİ AVSTRİYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR

04 mart 2019    4826 share share

Fevralın 28 - martın 1-i tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa vəkillər kollegiyalarının rəhbərlərinin 47-ci toplantı”sında iştirak etmişdir.

Ənənəvi olaraq Vyana şəhərində keçirilən konfransda əsas etibarilə Avropa Şurasına üzv olan ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyası, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının prezidentləri, bir sıra digər peşəkar regional təşkilatların təmsilçiləri iştirak etmişlər.

“Qanunun aliliyi” mövzusuna həsr olunmuş budəfəki konfransda Avstriyanın ədliyyə naziri Yozef Mozer tərəfindən “Avstriyada vəkil peşəsinin cari vəziyyəti və qanunun aliliyi”, Avstriya Ali Məhkəməsinin sədri Elizabet Lovrek tərəfindən “Avropa məkanında məhkəmələrin müstəqilliyinə təhdidlər”, Etvos Lorand Universitetinin professoru Petra Bard tərəfindən “Qanunun aliliyi və məhdudiyyətlər” mövzusunda çıxışlar təqdim olunmuşdur.

Qeyd olunmalıdır ki, konfrans çərçivəsindən tədbirə qatılan müxtəlif ölkələrin vəkillər kollegiyaları tərəfindən müvafiq olaraq həmin ölkələrdə vəkil peşəsinin durumu barədə hesabatlar təqdim olunmuş, bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri tərəfindən çıxışlar edilmiş və problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır. Xüsusilə, hal-hazırda Polşa və Macarıstan respublikalarında məhkəmə hakimiyyətinin müstəqilliyinə təhdid istiqamətində aparılan isalahatlar və bu islahatların qarşısının alınmasında vəkilliyin rolu barədə diskussiyalar yer almışdır.

Tədbir çərçivəsində Avstriyanın Baş Kanslerinin katibliyi tərəfindən təntənəli qəbul təşkil edilmiş, Avstriya Baş Kansleri Sebastian Kurzun qonaqlara səmimi salamları çatdırılmış, konfransın müstəsna əhəmiyyəti barədə Baş kanslerin katibliyinin rəhbəri tərəfindən fikirlər səsləndirilmişdir.

Konfrans ərzində bir sıra ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi arasında görüşlər keçirilmiş, gələcək əməkdaşlığın qurulması, təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda səfər ərzində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) rəhbərliyi ilə ayrıca ikitərəfli görüş keçirilmişdir. Görüşdə son dövrlər Azərbaycanda vəkil peşəsinin vəziyyəti və görülmüş işlər barəsində CCBE-nin rəsmilərinə dolğun məlumatlar verilmiş, gələcək əməkdaşlığın  perspektivləri müzakirə olunmuşdur.