Bu gün Bakı Biznes Mərkəzində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin təşkilatçılığı ilə "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Çoxsaylı beynəxalq ekspertlərin, yerli diplomatik nümayəndəliklərin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən konfransın məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqətin yönəldilməsi, xüsusilə Dağlıq Qarabağ ərazisində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan digər ölkələrə aid şirkətlər və onların hüquqi məsuliyyəti məsələlərinə diqqətin yönəldilməsindən ibarətdir.
Konfrans Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən açıq elan olunaraq konfrans mövzusunun ölkəmiz üçün həyati əhəmiyyəti barədə fikirlərini səsləndirmişdir.
Konfransın ikinci hissəsi "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair beynəlxalq hüquqi çərçivə" mövzusuna həsr olunmuşdur. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun moderatorluğu ilə keçən konfransın bu hissəsində qeyd olunan sahədə tanınmış ekspertlərin çıxışları dinlənilmişdir. Bu hissədə Almaniyanın Höte Universitetinin professoru Mixael Bote tərəfindən "Hərbi işğal yerlərdə münaqişə tərəfi olmayan dövlətlərin və Avropa İttifaqının vəzifələri", Britaniyanın Kent Universietinin professoru Yutaka Arai tərəfindən "Döyüş meydanı və işğal arasında incə xəttin necə ayrılacağına dair suallar", İtaliyanın Luis Quido Universitetinin professoru Natalino Ronzitti tərəfindən "İşğal olunan ərazilərdə humanitar və insan hüquqlarının tətbiqində qarşılıqlı əlaqə", Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndəsi Zeynəb Boz tərəfindən "Silahlı münaqişələrdə mədəni mülkiyyətin mühafizəsi" və Macarıstan Elmlər Akamdeiyasının həqiqi üzvü, hüquq professoru Qabor Hamza tərəfindən "İşğal olunmuş ərazilərdə dövlətin suverenliyi və hüquq sisteminin saxlanılması" mövzularında çıxışları dinlənilmişdir.
Daha sonra konfrans öz işini "Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri" və "İşğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərə beynəlxalq cavab" mövzusunda panellərlə davam etdirmişdir.