Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.
Vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 30.03.2019-cu il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
Onu da qeyd edək ki, Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarında iştirakla bağlı sənəd verən şəxslərin çoxluğunu nəzərə alaraq, daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 250 namizəd imtahana buraxılacaqdır.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər 27.03.2019-cu il tarixədək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər
http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı,
http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini
orkhan.babayev@barassociation.az elektron poçt ünvanına 27.03.2019-cu il tarixədək göndərməlidirlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd:
Vəkilliyə qəbulla bağlı imtahanda iştirak edəcək namizədlərdən 30.03.2019-ci il tarixdə saat 09:00-da Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzinə şəxsiyyət vəsiqəsini təqdim etməklə yaxınlaşmaqları xahiş olunur.