Dünən Milli Məclisin deputatı Fazil Mustafaya məxsus olması ehtimal olunan facebook səhifəsində "Azərbaycanda vəkillik xidməti çox bahadır. Buna görə də, insanlar hüquqlarının müdafiəsindən imtina edirlər” başlıqlı yazı işıq üzü görmüşdür. Deputat “problem”dən çıxış yolu kimi, nümayəndəlik institutunun bərpasını təklif edərək aşağıdakıları bildirib: "Nümayəndəlik institutu olan zaman 50 manata həll edilən problem üçün bu gün vəkillər 500 manat tələb edir. Vətəndaşlar isə bu məbləği ödəmək imkanında olmadığına görə, bir çox halda hüquqlarının müdafiəsindən imtina etmək məcburiyyətində qalırlar”.
Qeyd olunanlarla bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konsitutsiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Maddənin məzmunundan göründüyü kimi, hüquqi yardım öz mahiyyəti və onun göstərilmə üsulu baxımından keyfiyyətli olmalıdır. Həm respublikamızda, həm də inkişaf etmiş digər ölkələrdə bu keyfiyyətin təmin edilməsinin yeganə üsulu qanunla təşkil olunan ixtisaslaşmış, üzvlüyə xüsusi qəbul proseduru olan hüquqşünasların peşə birliyinin yaradılmasından ibarətdir.
Heç kimə sirr deyildir ki, ölkəmizdə nümayəndəlik institutunun məhdudlaşdırılmasınadək hüquqi xidmətlərin göstərilməsi bazarında çoxsaylı problemlərin, xüsusilə qeyri-vəkillər, hətta qeyri-hüquqşünaslar tərəfindən vətəndaşların hüquqlarının səmərəli müdafiəsi işində çatışmazlıqlar, vətəndaşların aldadılması və bu sahədə hərcmərclik hökm sürübdür. Bu hal vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur ki, bunu biz hətta bu gün Vəkillər Kollegiyasına az-az olsa da vəkil adından sui-istifadə halları ilə qarşılaşmış vətəndaş müraciətlərindən görə bilirik.
Bundan başqa, ölkəmizdə nümayəndəlik institutunun məhdudlaşdırılmasının zəruriliyi bir sıra beynəlxalq təşkilatlar tərəfindən dövlətimizə tövsiyə olaraq da verilmişdir. Belə ki, 2012-ci ildə Avropa Şurası-Avropa İttifaqının “Şərq tərəfdaşlığı ölkələrində hüquq islahatları” layihəsi çərçivəsində hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda ölkəmizə münasibətdə mülki və inzibati işlər üzrə məhkəmə işlərində yalnız vəkillərin iştirakının əhəmiyyəti barədə tövsiyə təqdim olunmuşdur.
Vəkillərin göstərdikləri hüquqi xidmətlərin qiymətlərinin baha olmasına görə deyilən fikirlərlə bağlı, qeyd olunmalıdır ki, bu mülahizənin hər hansı dayaq nöqtəsi yoxdur və bu gün hüquqi xidmətləri qiyməti müqavilə azadlığı prinsipinə əsasən vəkillər ilə müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Bu mənada, həm regionlarda, həm də paytxatda orta qiymətlərin 500 manat həcmində olması fikri təhrif olunmuş qənaət olmaqla, qiymərin qat-qat aşağı olduğu hər kəsə məlumdur. Təkcə onu qeyd etmək kifayət edir ki, 2018-ci ildə Vəkillər Kollegiyasının üzvləri tərəfindən 16538 iş üzrə ödənişsiz hüquqi yardım xidmətləri göstərilmişdir.
Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 18.12.2018-ci il tarixli Sərəncamı ilə əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsinin təkmilləşdirilməsi məqsədilə “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması məsələsi qarşıya məqsəd qoyulmuşdur. Həmin qanun layihəsinin hazırlanması prosesində də Vəkillər Kollegiyasının cəlb olunacağı şübhəsizdir.
Həmin dövrə qədər isə bildiririk ki, bu gün Kollegiya tərəfindən mütəmadi şəkildə regionlarda hüquqi xidmətlərin göstərilməsi ilə bağlı səyyar səfərlər təşkil olunur, eyni zamanda regionlarda ölkə üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhali üçün açıq qapı günləri keçirilməkdədir. Bu kimi təbirlərin isə davamlılığı Vəkillər Kollegiyası tərəfindən təmin ediləcəkdir. Çünki qeyd olunan məsələ “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında Kollegiyaya hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında əngəllərin olması ilə bağlı fikirlərlə razılaşmadığını bildirir və bu kimi əsaslandırılmamış və təhrif olunmuş fikirləri pislədiyini bildirir.