Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLİYİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏHKƏMƏ MÜSABİQƏSİNİN FİNALI KEÇİRİLMİŞDİR

10 mart 2019    4612 share share

Bugün Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA Azərbaycan) birgə təşkilatçılığı ilə Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil edilməsinə göstərmiş dəstəyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə gəlmələrində maraqlı olduğunu, bu istiqamətdə analoji tədbirlərin keçiriləcəyi barədə məlumat vermiş, bundan sonra da Kollegiya tərəfindən ELSA ilə birgə belə faydalı tədbirlərin mütəmadi şəkildə təşkili haqqında fikirlərini bölüşmüşdür.

Müsabiqənin yarımfinal mərhələsində uğur qazanmış iki komanda – Bakı Dövlət Universiteti ilə Gömrük Akademiyasının hüquq fakültələrinin komandaları mülki iş üzrə prosesdə çəkişmişlər. Proses tərəflərinin çıxışları Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Əhməd Əhmədov və Sənan Hacıyev tərəfindən qiymətləndirilmiş və müsabiqənin nəticəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin komandası qalib elan olunmuşdur.

Müsabiqənin sonunda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu kimi tədbirlərin gənc hüquqşünaslar üçün əhəmiyyəti, o cümlədən Vəkillər Kollegiyasının son dövrlər həyata keçirdiyi tədbirlər nəticəsində gənclərin vəkil peşəsinə marağının artmasının təqdirəlayiq hal olduğunu qeyd etmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin birinci mərhələsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, yarımfinal mərhələsi isə Bakı Apellyasiya Məhkəməsində keçirilmişdir.

Daha sonra iştirakçılar Ramiz Rzayev və Anar Bağırov tərəfindən sertifikatlarla təltif edilmiş, müsabiqə iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.