Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının məlumatı

20 fevral 2018    2810 share share

Daha əvvəl məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyəti 19 fevral 2018-ci il tarixindən Ceyhun Hacıbəyli 100 ünvanında yerləşən yeni inzibati binaya köçmüşdür (Respublika Hərbi Prokurorluğunun yanı). Yeni inzibati bina müasir standartlara cavab verən zəruri maddi-texniki baza ilə təmin olunmuşdur.
Bildiyimiz kimi, rayonlarda fəaliyyət göstərən vəkillərin bir sıra hallarda Bakı şəhərində keçirilən məhkəmə prosesilərində iştirak etmələri zərurəti yaranır. Bu kimi məhkəmə proseslərində iştirakla bağlı, vəkillər Bakı şəhərinə səfərlər edir və bu zaman onlar zəruri hallarda müxtəlif sənədlərin hazırlanması və çapı üçün yer tapmaqda çətinliklərlə rastlaşırlar. Müxtəlif məkanlarda bu cür sənədlərin çapı özü-özlüyündə vəkillərin peşə sirri ilə bağlı məsələləri də aktuallaşdırır.

Bununla əlaqədar, regionlarda fəaliyyət göstərən vəkillərin nəzərlərinə çatdırırıq ki, Bakı şəhərinə qısamüddətli səfərləri zamanı müxtəlif sənədlərin yazılması, tərtib olunması və ya çap edilməsi üçün yeni inzibati binada yerləşən avadanlıqlardan (kompüter, printer və s.) istifadə edə bilər. Qeyd olunan hal, vəkillərin işinin asanlaşdırılması və onlara həvalə edilmiş məlumatların konfidensiallığının mühafizəsi üçün əhəmiyyətlidir.

Xahiş edirik, bu məlumatı işinizdə nəzərə alasınız.