Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN 04.04.2019-CU İL TARİXLİ BƏYANATI

04 aprel 2019    4347 share share

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 aprel 2019-cu il tarixli Fərmanı ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin

B Ə Y A N A T I

 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası hüquq islahatlarının dərinləşdirilməsi sahəsində ölkə başçısının imzaladığı sözü gedən Fərmanı günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addım, ədalət mühakiməsinə verilən töhfə məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycan vəkilliyinin tarixində silinməz iz qoyacaq və ən ali yüksəlişə aparacaq islahat kimi qiymətləndirir.

Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi məhkəməyə müraciət imkanlarını daha da genişləndirəcək, məhkəmələrin fəaliyyətində şəffaflığı artıracaq, məhkəmə icraatının effektivliyini yüksəldəcək, məhkəmə qərarlarının tam və vaxtında icra olunmasına, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasına kömək edəcəkdir.

Fərmanda nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiə olunması, onlara keyfiyyətli hüquqi yardım göstərilməsi yolunda vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldıracaqdır.

Fərmanın cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə tələbi dövlət hesabına göstərilən hüquqi yardımın səmərəliliyini artıracaq, bu isə öz növbəsində vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuş keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edəcəkdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından bəyan edirik ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı bu Fərmandan irəli gələn, ölkəmizin davamlı tərəqqisinə, hüquq sisteminin sağlamlaşmasına, ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş bütün məsələlərin həllində həm vətəndaş, həm də vəkil mövqeyimizi nümayiş etdirməklə fəal şəkildə iştirak edəcək, üzərimizə düşən vəzifələri layiqincə icra edəcəyik.
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti