Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İnsan alveri ilə mübarizə sahəsində beynəlxalq seminar keçirilmişdir

05 aprel 2019    1841 share share

Aprelin 3-4-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbir Avropa İttifaqı (Aİ) və BMqT tərəfindən dəstəklənən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunmuşdur.

Tədbirin məqsədi Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha səmərəli aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur. İnsan alverinə qarşı səmərəli mübarizə üzrə əməkdaşlıq və məlumat mübadiləsini gücləndirmək də tədbirin əsas məqsədlərindəndir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını kollegiyanın üzvləri Günay Cəfərli və Ruslan Vəliyev təmsil etmişdir.

İki günlük seminarda beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunmuş, insan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarusun, İnterpolun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin təqdimatları dinlənilmiş, fikir və təcrübə mübadiləsi aparılmışdır.

Tədbirdə Vəkillər Kollegiyasının üzvü Günay Cəfərli “Azərbaycanda insan alveri cinayətlərində şahidlərin müdafiəsi sistemi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda bu sahədə milli və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilmişdir.