Bu gün aprelin 5-də Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Federal Vəkillər Kollegiyaları Assosiasiyasının təşkilatçılığı ilə vəkillərin peşə sirri məsələlərinə həsr olunmuş, 42 müxtəlif ölkənin vəkillər kollegiyalarının nümayəndələrinin iştirakı ilə konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Almaniya Federal Vəkillər Kollegiyaları Assosiasiyasının sədri cənab Ulrix Vessel vəkillərin peşə sirrinin əhəmiyyəti, müasir dövrdə bu institutun yeni çalarlar alması, hüquqi-mühafizə orqanlarının fəaliyyəti ilə vəkilin peşə sirri məsələri arasında toqquşmalar, dövlət maraqlarının həddi, terrorizm, çirkli pulların yuyulması məsələlərində peşə sirrinin hədləri barədə müasir trendlər barədə məlumat vermişdir.
Daha sonra Almaniyanın daxili işlər nazirliyi üzrə Dövlət Katibi Professor Günter Krings, Dünya Ədalət Layihəsinin vitse-prezidenti Mark Agrast konfransda giriş sözləri ilə çıxış etmişlər. Dövlət Katibi Professor Günter Kringsin “dövlət maraqları ilə vəkillərin peşə faəliyyətində konfidensiallıq məsələləri arasında balansın gözlənilməsinin zəruriliyi”, Dünya Ədalət Layihəsinin vitse-prezidenti Mark Agrastın “niyyətindən asılı olmayaraq “Böyük qardaş”ın “qanunun aliliyi”nin təmin edilməsi barədə iradəsi digər ölkələrdə hələ də bu aliliyin təmin edilməsi anlamına gəlməməlidir” fikirləri auditoriya tərəfindən maraqla qarşılanmışdır.
Tədbir sonra “Konfidensiallıq üzrə öhdəliklərin modelləri” mövzusunda panellər öz işini davam etdirmişdir. Bu hissə Birləşmiş Krallıq və Uelsin Hüquq Cəmiyyətinin rəhbəri xanım Kristina Bləklovs Birtaniya yurisdiksiyasında vəkil-müştəri münasibətləri, müştərilərin məlumatlarına münasibətdə vəkilin asılı tərəf olması, hətta belə məlumatların yayılmasına görə vəkillərin məhkəmə qarşısına çıxarılması təcrübəsi barədə məruzə ilə çıxış etmişdir. Honk Konqda vəkillərin konfidensiallığı və bununla bağlı məsuliyyət məsələlərinə həsr olunmuş növbəti məruzə Honk Konqun Vəkillər Kollegiyasının rəhbəri xanım Melissa Panq tərəfindən təqdim edilmişdir. Sonra Fransa Vəkillər Kollegiyalarının Beynəlxalq Əlaqələr Bölməsinin rəhbəri cənab Lui Bernard Buxman, Rusiya Federal Vəkillər Palatasının prezidenti cənab Yuriy Pilipenko, Niderland Krallığının Vəkillər Kollegiyasının rəhbəri cənab Yohan Rijlaarsdam aid olduqları ölkələrdə vəkillərə münasibətdə konfidensiallıq məsələlərinin bəzi aspektləri barədə məruzə ilə çıxış etmişlər.
Sonra tədbir öz işini “Konfidensiallığın təmin edilməsi islə bağlı maraqların toqquşması”, “Virtual məkanda konfidensiallıq” panelləri ilə davam etmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov və Vəkillər Kollegiyasının üzvü Elçin Usub tərəfindən təmsil olunmuşdur.