Bu gün paytaxtda yerləşən “Holiday İnn Baku” mehmanxanasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun təşəbbüsü ilə “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilmişdir.
Konfransda tibb fəaliyyətinin hüquqi tənzimlənməsi, tibb hüququnun ümumi xarakteristikası, milli qanunvericilikdə və beynəlxalq təcrübədə pasiyentlərin hüquqları və onun pozulmasına görə məsuliyyət, tibb işçiləri və həkimlərin hüquqi statusu, beynəlxalq tibb hüququ kimi mövzular müzakirə olunmuş, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə və institutun əməkdaşı Zamiq Aslanovun həmmüəllifləri olduğu “Tibb hüququ” dərs vəsaitinin təqdimatı keçirilmişdir.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikası Konstitusiya və Ali məhkəmələrinin hakimləri, alimlər, bir sıra ali təhsil müəssisələrinin rəhbərlikləri, aidiyyəti nazirlik və komitələrin təmsilçiləri, o cümlədən KİV nümayəndələri iştirak etmişlər.
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, son dövrlər dünya hüquq elmində bu sahənin aktuallığının artması, tibb hüququ sahəsinin inkişafında vəkillərin rolu, habelə vəkillər tərəfindən bu hüquq sahəsinin mənimsənilməsinin əhəmiyyəti barədə öz fikirlərini bildirmişdir.
Sonra konfrans öz işini mövzu ətrafında müzakirələrlə davam etdirmiş, konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılmışdır.