Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VK və BMT-nin birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün seminar keçirilmişdir

18 aprel 2019    2034 share share

Bugün “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin birgə əməkdaşlığı çərçivəsində “Ədalət Mühakiməsinin həyata keçirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Sistemi və Müdafiə Mexanizmi: Praktik tətbiqi və perspektivlər” mövzusunda seminar keçirilmişdir. Seminarda Vəkillər Kollegiyasının 40-dən çox üzvü, dövlət və qeyri-hökumət, o cümlədən yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Seminarda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hazırki tədbirin məqsədi və əhəmiyyəti, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında olan əməkdaşlıq münasibətləri, əməkdaşlığın təməli olaraq vəkilllərin bu sahədə biliklərinin artırılması, bu istiqamətdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən vəkillər üçün keçirilmiş birgə təlimlər, vəkillərin qeyd olunan sahədə biliklərinin artırılmasından savayı, onların bu istiqamətdə milli dildə vəsaitlərlə təmin edilməsinin zəruriliyi, hazırlanan vəsaitlərə çatımlılığın təmin edilməsi üçün onların Vəkillər Kollegiyasının saytında yerləşdirilməsinin vacibliyi barədə məlumat vermişdir.

Daha sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov “BMT-nin İnsan Hüquqları Sistemində insan hüquqlarının təşviqi və müdafiəsi: BMT Komitələri və İcraatları və BMT-nin Xüsusi Məruzəçiləri və İşçi Qrupları” mövzusunda çıxış etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlının “İnsan hüquqlarının müdafiəsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə milli kontekstdə əməkdaşlıq istiqamətləri” mövzusunda çıxışı dinlənilmişdir.

Seminarda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov çıxış edərək, “BMT-nin insan hüquqları mexanizmlərində Azərbaycanın iştirakı (ratifikasiya statusu) və BMT-nin insan hüquqları mexanizmlərinin qərarlarının icrası” mövzusunda tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirin sonunda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr aparılmışdır.

Tədbirin işıqlandırılması üçün KİV nümayəndələri də iştirak etmişdir.