Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

23 aprel 2019    553

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I


Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
 
28 mart 2019-cu il                                                                                                                                                                                                  Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat idarəsinin rəis müavini Aynur Osmanova və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri Eldar Əsgərovun, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru Midhəd Qəfərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hafiz Nəsibov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Nəzarət metodiki idarəsinin rəisi Emil Məmmədov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fərid Həsənovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) özbaşına müdafiədən və müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan müdafiəçinin imtinasına dair qadağanı nəzərdə tutan 92.10.1 və 92.10.3-cü maddələrinin, habelə şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında müdafiəçinin vəzifəsini deyil, hüququnu nəzərdə tutan 244.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Sorğu onunla əsaslandırılmışdır ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində aparılan prosessual hərəkətlərdə iştirakdan imtinanı qadağan edərək belə iştirakı onun üzərinə bir vəzifə kimi qoyduğu halda, həmin Məcəllənin 244.2-ci maddəsində müdafiəçinin axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasında iştirakı onun hüququ kimi nəzərdə tutulmuşdur. Belə olan halda Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında uyğunsuzluq yaranır. Belə ki, bir sıra hallarda müdafiəçi istintaq hərəkətinin qanuna uyğun aparılmamasının müdafiə etdiyi şəxsin qanuni mənafelərinə zidd olması və istintaq hərəkətində iştirakın onun vəzifəsi deyil, hüququ olmasına əsaslanaraq belə iştirakdan imtina edir.
Müdafiəçinin istintaq hərəkətində iştirakdan imtina etməsi Prokurorluq tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 90.7.2, 90.7.9, 92.3.9, 92.10.1 və 92.10.3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Sorğuverən hesab edir ki, hüquqtətbiqetmə təcrübəsində yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə cinayət-prosessual qanunvericiliyinin müdafiəçinin müdafiə etdiyi şəxsin mənafeyinə zidd olaraq prosessual hərəkətlərdə iştirakdan imtina etməsini qadağan edən normalarına, eləcə də axtarış və ya götürmə istintaq hərəkətlərində müdafiəçinin iştirakını tənzimləyən normalarına aydınlıq gətirilməsi məqsədəmüvafiq olardı.
Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, sorğuda göstərilmiş işin bəzi halları Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçinin iştirakı ilə bağlı olsa da, hazırkı konstitusiya işinin predmetini həmin Məcəllənin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26-cı maddəsinin I və II hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Artico İtaliyaya qarşı iş üzrə Qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin “ç” bəndində vəkilin təyin edilməsindən deyil, onun yardımından istifadə edilməsindən bəhs olunur. Vəkilin sadəcə təyin edilməsi səmərəli hüquqi yardımı təmin etmir. Çünki hüquqi yardım məqsədi ilə təyin edilən vəkil vəfat edə, ciddi xəstəliyə tutula, uzun müddət vəzifəsini icra etmə imkanına malik olmaya və ya bundan boyun qaçıra bilər. Belə halda dövlət orqanları bu barədə xəbərdar olduqda vəkili əvəz etməli və ya öz vəzifəsini icra etməyə məcbur etməlidirlər.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yardım almaq hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.
Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar).
Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir.
Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunması və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) qəbul edilmişdir.
Həmin Qanunun 3-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifəsidir.
Cinayət-prosessual qanunvericiliyinə görə, hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir (Cinayət-Prosessual Məcəlləsinin 14.4, 19.1 və 19.4-cü maddələri).
Göründüyü kimi, şübhəli və ya təqsirləndirilən şəxsin qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada keyfiyyətli hüquqi yardım almaq və müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar, onun hüquqları, vəzifələri, müdafiəçiyə qadağan olunan hərəkətlər və s. Cinayət-Prosessual Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənir.
Cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə, şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə, şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda, təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda, şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə), təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda və s. hallarda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır.
Beləliklə, qanunverici Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3-cü maddəsində göstərilmiş bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola bilər.
Müdafiəçinin cinayət təqibi üzrə müdafiə funksiyasını lazımınca yerinə yetirməsini təmin etmək məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin 92.9-cu maddəsində onun bir sıra prosessual hüquqları nəzərdə tutulmuşdur. Müdafiəçi cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək; cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək; özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək və s. hüquqları həyata keçirir.
Bununla yanaşı, vəkilin peşə fəaliyyətinin prinsip və qaydalarına, habelə cinayət təqibi üzrə icraatın qaydalarına riayət edilməsinin təmin olunması üçün Cinayət-Prosessual Məcəlləsinin 92.11-ci maddəsində müdafiəçinin vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, müdafiəçi cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək; şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək və s. vəzifələri yerinə yetirməlidir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinə əsasən isə peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməli; yalnız qanunun tələblərini rəhbər tutmalıdır.
Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1 və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq, özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək qadağan olunur.
Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri ilə müdafiəçiyə müəyyən hərəkətlərin qadağan edilməsi bu Məcəllənin 92.11-ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu özünü əsasən müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan, habelə özbaşına müdafiədən imtina etmənin qadağan olunmasında büruzə verir.
Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməsi qanunvericiliyin tələbidir və ona belə hərəkətlərin aparılmasında iştirakdan imtina etmək müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə qadağan olunmuşdur. Belə imtina müdafiə olunan şəxsin qanuni mənafeyinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olmaqla, müdafiəçinin qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilə bilər.
Bununla bağlı vurğulanmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tam imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir.
Beləliklə, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə müdafiəçinin iştirakını müdafiəçinin və ya müdafiə etdiyi şəxsin mülahizəsindən asılı etməmişdir.
Müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı olmadan aparılan prosessual hərəkətlərdə iştirakı isə müdafiə etdiyi şəxsin mənafeyi nəzərə alınaraq müdafiəni səmərəli təşkil emək məqsədilə onunla razılaşdırılmaqla həyata keçirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda şərh olunması xahiş edilən Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş axtarış və götürmə istintaq hərəkətində müdafiəçinin iştirak etmək hüququna dair aşağıdakıları qeyd edir.
Müdafiəçi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 92.9-cu maddəsində sadalanmış prosessual hüquqların həyata keçirilməsinin müfəssəl qaydası həmin Məcəllənin xüsusi normalarında təsbit olunmuşdur. Belə maddələrdən biri olan Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.
Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur.
Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edib-etməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi Cinayət-Prosessual Məcəlləsinin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda Cinayət-Prosessual Məcəlləsinin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir.
Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı).
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir;
- Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir;
- Konstitusiyanın 61-ci maddəsi baxımından və Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz;
- Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir.
Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin
Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir.
3. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir.
Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
Sədr                                                                                                                                                                                                                      Fərhad Abdullayev


 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarından hakim İ.Nəcəfovun

Xüsusi rəyi

28 mart 2019-cu il                                                                                                                                                                                                                          Bakı şəhəri
 
Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına hörmətlə yanaşaraq, aşağıdakı mövqeyimi bildirirəm.
Plenum Qərarında Azərbaycan Respublikasının Prokurorluğunun sorğusuna səbəb olan hüquqi faktı öz qərarının təsviri hissəsində göstərməmişdir.
Sorğuya əlavə olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin məktubundan görünür ki, 16.07.2018-ci il tarixdə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin müstəntiqi tərəfindən vətəndaşlar C.Q.Dosti-zadə və H.Z.İbrahimov Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışlar. Şübhəli şəxslərin üstündə axtarış aparılmış, C.Q.Dosti-zadədən narkotik maddə tapılmış, H.Z.İbrahimovun üstündən isə heç nə tapılmamışdır.
Müstəntiq ibtidai araşdırmaya vəkilləri dəvət etdikdən sonra, yenidən vəkillərin iştirakı ilə onların üstündə axtarış etmək istədikdə, vəkillər buna etiraz edərək, axtarışda iştirak etməkdən imtina etmişdirlər.
Vəkillərin bu hərəkətlərini qanunsuz hesab edən Bakı şəhər prokuroru onların intizam məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinə məktub göndərmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyəti yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin şərh edilməsi üçün, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini Azərbaycan Respublikası Prokurorluğundan xahiş etmişdir.
125-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi konstitusiya icraatı vasitəsilə ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır. (Konstitusiyanın 125-ci maddəsinin I, II və III hissələri).
Onun tərəfindən normativ hüquqi aktların normalarının şərhi o dərəcədə konkret, hərtərəfli izah edilməlidir ki, hüquqi tətbiq etmədə mövcud olan, eləcə də, gələcəkdə qarşıya çıxa biləcək hüquqi kazusları asanlıqla həll etmək mümkün olsun.
Sorğu əsasında CPM-in 92-ci maddəsində təsbit olunan “Müdafiəçi” institutu Plenumun Qərarında tam açıqlansa da, 92.10.1-ci maddəsində təsbit edilən “müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək ... müdafiəçiyə qadağandır” müddəasına, vəkillərin şübhəli şəxslərin üzərində narkotik maddəni aşkar etmək məqsədilə, təkrarən axtarış aparılmasında iştirakının da aid olub-olmamasına heç toxunulmamışdır.
Normativ hüquqi aktların şərhinə səbəb olan hüquqi faktlar və onun dəyərləndirilməsi Konstitusiya Məhkəməsinin Plenum Qərarında obyektiv inikasını tapmazsa, o qərarın ədalət mühakiməsində və praktikada əhəmiyyəti və dəyəri də olmayacaqdır.
Necə ki, Plenumun bu qərarına əsasən deyə bilmərik ki, bu halda müstəntiq haqlıdır, yoxsa vəkillər. Halbuki, bu hal Plenumun Qərarının əsas məğzini təşkil etməli idi.
Çünki cinayət mühakimə icraatının gedişində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müasir dövrün ən mühüm, başlıca ideyasıdır. Konstitusiya Məhkəməsinin isə əsas vəzifəsidir.
Digər tərəfdən şəxsi axtarış və götürmə CPM-in 246-cı maddəsi ilə tənzim edilir. Bu maddədə müdafiəçinin şəxsi axtarış və götürmədə iştirakı nəzərdə tutulmamışdır.
 
Hakim                                                                                                                                                                                                       İsa Nəcəfov