Aprelin 25-26-da Özbəkistan Respublikasının Vəkillər Palatasının dəvəti əsasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Yaz Hüquq Forumu”nda iştirak etmişdir.
Beynəlxalq arbitraj və mühakimə icraatı, investisiyalar – fürsətlər və çətinliklər, dövlət planlaşdırılması və inzibati islahatlar kimi mövzuları əhatə edən ikigünlük forumda region ölkələrinin vəkillər assosiasiyaları, dövlət və qeyri-dövlət hüquq təsisatlarının rəhbərlərinin də qatıldığı tədbirdə çoxsaylı beynəlxalq sahədə ixtisasalaşmış hüquq təşkilatları da cəlb olunmuşdur.
Forum çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının sədrləri Anar Bağırov və Alim Ernazarovun iştirakı ilə təşkilatlar arasında Azərbaycan və Özbək dillərində tərtib olunmuş əməkdaşlıq sazişi imzalanmışdır. Sazişə əsasən, hər iki ölkənin vəkillik təsisatları vəkilliyin inkişafı, qanunverici tənzimləmə sahəsində vəkilliyin rolunun gücləndirilməsi; əhalinin hüquqi maarifləndirilməsi; vəkillik sahəsində təcrübə, normativ-hüquqi aktlar, metodiki tövsiyələr və məlumat mübadiləsi; konfransların, seminarların, mühazirələrin və praktiki məşğələlərin keçirilməsi; vəkillərin peşə hazırlığı, yenidən hazırlıq, ixtisasının artırılması və peşə səviyyəsinin təkmilləşdirilməsi sahəsində və qarşılıqlı maraq kəsb edən digər istiqamətlər üzrə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.
Forumda çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov forum iştirakçılarının diqqətini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 1999-cu ildən tam müstəqillik əldə etməsinə, heç bir icra hakimiyyıti orqanının tabeçiliyində olmamasına yönəltmiş, vəkilliyin nüfuzlu və güclü təsisat olması üçün müstəqilliyin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Forumda iştirak edən bir çox ölkələrin vəkillik təsisatının hələ də tam müstəqillik əldə etməməsinə rəğmən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam müstəqil qurum olması forum iştirakçıları tərəfindən təəccüblə qarşılanmışdır.
Forum çərçivəsində Çin, ABŞ, Rusiya, Türkiyə, Belarusiya, Polşa Vəkillər Kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmişdir.
Forumdan sonra nümayəndə heyətimiz Özbəkistan Respublikasının Vəkillər Palatasının inzibatini binasını və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmişlər.
Forumda Vəkillər Kollegiyasının sədr müvaini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, vəkillər Cabbar Bayramov və Anar Qasımlı da iştirak etmişlər.