Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

MƏHKƏMƏDƏ MƏHZ VƏKİLLƏ TƏMSİL OLUNMA BARƏDƏ AVROPA MƏHKƏMƏSİNDƏN MARAQLI QƏRAR

10 iyun 2019    4158 share share

Bu ilin may ayının 14-də İnsan Haqları üzrə Avropa Məhkəməsi vəkillik fəaliyyətinin müstəsna dairəsi kimi məhkəmə təmsilçiliyi ilə bağlı Katerina Moldavska Ukraynaya qarşı iş (http://hudoc.echr.coe.int/eng?i=001-193900) üzrə maraqlı qərar qəbul etmişdir.

Xanım Moldavska öz əmlak hüquqlarının müdafiəsi və təmsil edilməsi ilə bağlı Ukraynada hələ nümayəndəlik institutu mövcud olduğu vaxt – 25.07.2017-ci il tarixdə bir nümayəndəyə etibarnamə vermişdir. Qeyd olunmalıdır ki, 2016-cı ilin sentyabrında Ukraynada konstitusiyaya edilmiş dəyişikliyə əsasən, ölkə üzrə bəzi istisnalar olmaq şərtilə məhkəmələrdə təmsilçilik hüququ yalnız Vəkillər Kollegiyasının üzvlərinə həvalə olunmuşdur. Dəyişiklikliyə görə, 1 yanvar 2017-ci il tarixdən Ali Məhkəmədə, 1 yanvar 2018-ci il tarixdən apellyasiya məhkəmələrində, 1 yanvar 2019-cu il tarixdən isə birinci instansiya məhkəmələrində təmsilçi qismində yalnız vəkillər çıxış edə bilərlər.

İş bütün instansiyaları keçdikdən sonra 12.03.2018-ci il tarixdə Ali Məhkəməyə çatdıqda, Ali Məhkəmə ərizəçinin şikayətini o əsasla rədd etmişdir ki, həmin vaxt ölkədə nümayəndəlik institutu ləğv edilmiş və dolayısilə xanım Moldovskanı təmsil edən nümayəndə Vəkillər Kollegiyasının üzvü olmadığından Ali Məhkəmədə çıxış edə bilməzdi.

Daha sonra xanım Moldavska İnsan Haqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmələrə çatımlılıq hüququnun məhdudlaşdırılması əsası ilə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir.

Məsələ ilə bağlı Avropa Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur:

“Məhkəmə hesab edir ki, məhkəməyə çatımlılıq hüququ mütləq hüquq olmamaqla bu hüquqa məhdudiyyətlər tətbiq oluna bilər. Bu hüquq dövlət tərəfindən təmin edilən hüquq olduğundan müəyyən dövrdə və şəraitdə cəmiyyət və fərdin ehtiyaclarına uyğun olaraq dəyişiklikliyə məruz qala bilər ki, dövlətlərin bu sahədə müstəsna hüququ nəzərə alınmalıdır.
Eyni zamanda, şəxsin ali məhkəmə instansiyasında Vəkillər Kollegiyasının üzvüdən başqa digər şəxs tərəfindən təmsil oluna bilinməməsi, Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi başa düşülməməlidir. Bu kimi məhdudiyyət Ali Məhkəmədə işlərin aparılmasının xarakteri ilə bağlıdır. Çünki Ali Məhkəmə yüksək instansiya məhkəməsi olaraq məhz işin hüquqi hallarını tədqiq edir. Hətta hüquqi müdafiəyə çatımlılığa geniş məhdudiyyətlərin qoyullması Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilməməlidir, çünki burada söhbət şəxsin keyfiyyətli hüquqi yarıma çatımılılığının təmin edilməsindən gedir ki, bu mənada hüquqi yardım göstəcək şəxslərə münasibətdə xüsusi tələblər, yüksək standartlar müəyyən oluna bilər.
Bundan başqa, şikayətçi və onun nümayəndəsi nümayəndəliyin ləğvi ilə bağlı Konstitusiya dəyişikliyi barədə xəbərdar olmaya bilməzdi.”