İyunun 19-23-də İrlandiyanın Limerik şəhərində Avropa ölkələrinin hüquqşünasları arasında futbol turniri keçirilmişdir. “Eurolawyers” adlandırılan və uzun illərdir ki, mütəmadi keçirilən bu turnir miqyasına və nüfuzuna görə Avropa ölkələrinin hüquqşünasları və xüsusilə vəkilləri arasında keçirilən ən böyük futbol turniri hesab edilir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının futbol komandası 2018-ci ildə baş tutmuş bir neçə regional beynəlxalq turnirlərdəki uğurlu çıxışından sonra bu turnirə dəvət edilmişdir.
Vəkil Elçin Usubun rəhbərliyi və tanınmış futzal mütəxəssisi Fuad Rzayevin məşqçiliyi altında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının futbol komandası 5x5 formatında iştirakı ilə ölkəmiz bu turnirdə ilk dəfə təmsil edilmişdir.
Qrup mərhələsindəki hər üç oyunda müvafiq olaraq Danimarka, Ukrayna və Bolqarıstan komandaları üzərində inamlı qələbə qazanaraq göstərdiyi nəticələrə görə (9 xal və 20 top fərqi) komandamız ən yüksək reytinqlə ¼ final mərhələsinə yüksəlmiş, lakin ¼ final mərhələsində Macarıstan komandası təmsilçimiz üzərində 1:2 hesabı ilə qalib gəlmişdir. Bundan sonrakı 5-ci yer uğrundakı oyunlarda komandamız əvvəl Kiyevin Evris komandasını 2:0 məğlub etmiş, lakin həlledici oyunda Moskva Vəkillər Kollegiyasının komandasına 1:0 hesabla uduzmuşdur.
6 oyuna 4 qələbə və 2 məğlubiyyətlə komandamız turnirdə 6-cı yer tutmasına baxmayaraq, turnirin ən çox qol vurmuş komandası olmuş (23 qol vurulub, 7 qol buraxılıb), komandanın üzvü Ülvi Əliyev isə 13 qolla “ən yaxşı bombardir” nominasıyasında qalib olmuşdur.