Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

İnsan Hüquqları üzrə Avropa komissarı Vəkillər Kollegiyasını ziyarət etmişdir

12 iyul 2019    3652 share share

Ölkəmizdə rəsmi səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi və bir sıra vəkillərlə ilə görüşüb.

Qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətləri, bu münasibətlərin daim inkişaf etdirildiyini və Vəkillər Kollegiyası üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini, vəkilliyə qəbul, vəkillərin intizam icraatı, o cümlədən, vəkillərin gündəlik fəaliyyətlərində qarşılaşdıqları çətinliklər barədə ətraflı məlumat almaq istəyini bildirib.

Öz növbəsində Anar Bağırov vəkilliyə qəbulla bağlı ixtisas imtahanları, imtahanların gedişatı və aparılma proseduru, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, eləcə də vəkillərin intizam icraatı, vəkillərin etik davranış qaydalarının Avropa standartları ilə uzlaşması, habelə maraq kəsb edən digər məsələlər barədə Komissara məlumat vermiş, intizam icraatları ilə bağlı statistikanı qonağa təqdim etmişdir.

Görüşdə həmçinin vəkillərin peşə fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər, onların prosessual hüquq və səlahiyyətləri, gələcəkdə vəkil peşəsinin inkişaf perspektivləri, xüsusilə vəkillərin prosessual hüquqlarının genişləndirilməsi, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və s. əhəmiyyət kəsb edən məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Bundan başqa, ölkəmizin Avropa Şurasının HELP proqramının təşviqi üzrə Avropa Şurasına 47 üzv ölkə arasında 10-cu yerdə olması, gələcəkdə HELP platforması üzrə vəkillərin tədrisinin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.

İnsan Hüquqları üzrə Avropa komissarı xanım Miyatoviç görüşdən məmnunluğunu bildirmiş, qeyd olunan məsələlər bağlı müvafiq təşəbbüslərə Avropa Şurası tərəfindən dəstək verilməsinin vacibliyini qeyd etmişdir.

Daha sonra xanım Komissar tərəfindən görüşdə iştirak edən vəkillərə peşələrinin həyata keçirilməsi ilə bağlı suallar verilmiş, həmçinin vəkillər tərəfindən onları maraqlandıran məsələlər üzrə təkliflərlə çıxış edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, İnsan Hüquqları üzrə Avropa Komissarının Ofisinin təmsilçiləri də iştirak edirdi.

Sonda qonaqlarla xatirə şəkili çəkilmişdir.