Məlum olduğu kimi, Vəkillərin İxtisas Komissiyası tərəfindən 28.01.2018-ci il tarixdə keçirilmiş vəkilliyə qəbulla bağlı imtahanın yazılı test mərhələsini uğurla keçmiş 607 vəkilliyə namizədlə 01.03.2018-ci il tarixdən etibarən, gün ərzində 10-dan çox namizədin iştirakı ilə ixtisas imtahanlarının növbəti – şifahi mərhələsinə başlanılmışdır.
İmtahanın bu mərhələsi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na uyğun olaraq, tam şəffaf qaydada və müşahidəçilərin iştirakına açıq şəraitdə keçirilməkdədir. Qaydalara uyğun olaraq, müraciət edərək qeydiyyatdan keçmiş dövlət, qeyri-hökümət, yerli və beynəlxalq təşkilatların nümayəndələri müşahidəçi qismində müsahibələrdə iştirak edə bilərlər.
Nəzərə çatdırmaq istəyirik ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” vəkilliklə bağlı digər normativ-hüquqi aktlar kimi Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək istiqamətində tədbirlər görülməsi tövsiyə olunmuşdur.
Bir müddət əvvəl müasir, vətəndaşların, habelə vəkillərin tələblərinə cavab verən Vəkillər Kollegiyasının yeni veb-səhifəsi ictimaiyyətə təqdim olunmuş, bu yeniliklərin məntiqi davamı olaraq Vəkillər Kollegiyasına müraciət etmək istəyən şəxslər üçün “elektron müraciət” pəncərəsi yaradılmışdır. Belə ki, istənilən şəxs sözügedən pəncərədən istifadə edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə elektron formada müraciət etmək, vaxta və vəsaitə qənaət edərək qısa zaman ərzində müraciətinə cavab almaq imkanına sahib olacaqdır. Saytımızın “Əlaqə” bölməsində yerləşən pəncərədən istifadə etmək üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanı göstərmək kifayətdir. Bundan əlavə, müraciətə istənilən faylı əlavə etmək də mümkündür. Qeyd etmək lazımdır ki, Vəkillər Kollegiyasının rəsmi elektron poçt ünvanı – office@barassociation.az fəaliyyət göstərməkdədir və həmin ünvana daxil olan müraciətlərə də qısa zaman ərzində cavab verilməkdədir.