Bu gün ABŞ-nin ölkəmizdəki səfiri cənab Li Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmiş, Kollegiyanın rəhbərliyi və bir sıra vəkillərlə görüşmüşdür.
Yüksək səviyyəli qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk öncə xoşməramlı ziyarətinə görə cənab Litzenberqerə öz təşəkkürünü bildirmişdir, daha sonra ötən dövrdə vəkilliyin inkişaf etdirilməsi üzrə görülmüş işlər, xüsusən vəkillərin sayının artırılması, onların müdafiəsi, peşəkarlığının yüksəldilməsi, Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyət və bu istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması barədə fikirlərini bölüşmüşdür. Eyni zamanda görüşdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 22.02.2018-ci il tarixli Sərəncam, habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərman və həmin sənədlərin icrası çərçivəsində Kollegiya tərəfindən görülmüş işlər barəsində məlumat da vermişdir.
Öz çıxışında Anar Bağırov ABŞ səfirliyinin rəsmisinin Kollegiyanı ziyarət etməsini ölkəmizdə vəkilliyin nüfuzunun artırılmasına verilmiş töhfə olaraq qiymətləndirmişdir.
Görüşdə həmçinin gələcəkdə vəkil peşəsinin inkişaf perspektivləri, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və s. əhəmiyyət kəsb edən məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Daha sonra, cənab Səfir yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə Vəkillər Kollegiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş, Kollegiya ilə əməkdaşlıqda, ölkəmizdə vəkillik peşəsinin inkişafında, ABŞ vəkillərinin öz Azərbaycan həmkarları ilə əməkdaşlığında maraqlı olduğunu bildirmiş, həmçinin Səfirlik tərəfindən hazırda dəstək verilən hüquqi təşəbbüslər barədə fikirlərini səsləndirmişdir.
Sonda qonaqlarla xatirə fotosu çəkilmişdir.