Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan vəkilliyinin 100 illiyində sosial aksiya keçirilmişdir

30 iyul 2019    5023 share share

Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur. Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.

Xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının üzvləri tərəfindən sevinc hissi ilə qarşılanmışdır.

Bu əlamətdar günün qeyd olunması ilə əlaqədar Vəkillər Kollegiyasının qurumları tərəfindən gün ərzində paytaxt və bir sıra digər bölgələrdə olan müxtəlif sosial xidmət müəssisələri, internat və uşaq evləri - Bakı şəhəri 7, 8 saylı və Femida Vəkil Bürosu tərəfindən "Ümid yeri" uşaq evi, Bakı şəhəri 22 və 23 saylı Vəkil Büroları tərəfindən 2 saylı uşaq evi, Xəzər Consulting və Fides Vəkil Büroları tərəfindən Kor uşaqlar internatı, Bakı şəhəri 19 saylı və "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosu tərəfindən 1 saylı internat, Bakı şəhəri 3, 10 saylı və Sumqayıt Regional Vəkil Büroları tərəfindən Mərdəkan müalicəvi pansionat, Bakı şəhəri 3 və 5 saylı Vəkil Büroları tərəfindən 9 saylı internat, Bakı şəhəri 4 və 6 saylı Vəkil Büroları tərəfindən 9 saylı qocalar evi, Abşeron, Xırdalan və Sumqayıt şəhər 1 saylı Vəkil Büroları tərəfindən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi, Bakı şəhəri 15, 16 və 18 saylı Vəkil Büroları tərəfindən Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi, Bakı şəhəri 21 saylı, LCG və "Kəngərli və partyorları" Vəkil Büroları tərəfindən 1 saylı uşaq evi, Bakı şəhəri 25 və 26 saylı Vəkil Büroları tərəfindən 1 saylı körpələr evi, Bakı şəhəri 24 saylı və Kredo Vəkil Bürosu tərəfindən 11 saylı internat, Bakı şəhəri 2 saylı və Mərkəz Vəkil Bürosu tərəfindən 16 saylı internat, Bakı şəhəri 11 və 12 saylı Vəkil Büroları tərəfindən Müharibə və əmək əlilləri üçün pansionat, Bakı şəhəri 13 və 14 saylı Vəkil Büroları tərəfindən Şağan müalicəvi pansionat, Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Göygöl 8 saylı ruhi-əsəb əlilləri internat evi, Kermur, Lider və MBM Vəkil Büroları tərəfindən Müharibə Əlilləri üçün Müalicə Pansionatı, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası tərəfindən Şahbuz qoca və kimsəsizlər üçün pansionat ziyarət edilmiş, müəssisələrdə yaşayan şəxslərə ödənişsiz hüquqi yardım göstərilmiş, onların müraciətləri araşdırılmış və müəssisə sakinlərinə hədiyyə sovqatları paylanılmışdır.

Bundan başqa, bu gün münasibətilə vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilməkdədir. Bununla bağlı, hüquqi yardıma ehtiyacı olan şəxslər ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalanmışlar.

Qeyd olunmalıdır ki, gün ərzində Respublikanın 18 sosial müəssisəsi 40-dək vəkil qurumunun vəkilləri tərəfindən ziyarət edilmişdir.