Vəkillər Kollegiyasının üzvü Günay Cəfərlinin Azərbaycan Vəkili Jurnalının 17-ci sayında işıq üzü görmüş "Kriptovalyuta ilə aparılan əməliyyatlar zamanı vergi cinayətləri ilə mübarizənin aktual problemləri" barədə məqaləsini təqdim edirik.
Hər bir dövlətin iqtisadiyyatı daxili siyasət ilə məhdudlaşmayan, xarici iqtisadi əlaqələrin inkişafından, eləcə də dünya iqtisadiyatından bilavasitə asılı olan mürəkkəb mexanizmdir. Dünya iqtisadiyyatında baş verən proseslərin, o cümlədən əmtəə-pul bazarlarındakı vəziyyətin daimi izlənilməsi və nəzarət dairəsində saxlanılması iqtisadi inkişafı şərtləndirən meyarlar sırasında olaraq dövlətin iqtisadi və maliyyə qurumlarının mühüm vəzifələrindəndir.
Hazırda dünya miqyasında təkmilləşən beynəlxalq pul sistemləri, yeni nəsil ödəniş vasitələri, elektron hesablaşmalar və virtual pul vahidləri iqtisadi qloballaşmanı daha da sürətləndirən amillərdir. Pul – elə maddi aktiv, maddi dəyər və ya məhsuldur ki, onsuz heç bir müasir cəmiyyəti, bazar münasibətlərini, əmtəə dövriyyəsini, ticarəti, maliyyə institutlarını və iqtisadi təsisatları təsəvvür etmək mümkün deyil.
Əgər əvvəllər pulla aparılan hesablaşmalar nağd və nağdsız qaydada həyata keçirilirdisə, müasir dövrdə bütün dünyada elektron ticarət, elektron xidmətlər, elektron ödəmə anlayışları ilə uzlaşan elektron pul, elektron valyuta, virtual pul anlayışları, habelə yeni ödəmə üsulları geniş tətbiq olunmaqdadır.
Bu gün virtual transfer edilən elektron ödəmə şəbəkəsinə aid olan, “Kriptovalyuta” adlandırılan virtual pul maliyyə sistemində innovativ elektron ödəniş vasitəsi kimi populyarlıq qazanmışdır. Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti virtual bazarda tələb-təklif əsasında müəyyən olunur, tələb artıqda dəyəri artır, tələb azaldıqda dəyəri azalır, bununla kriptovalyuta bazarı formalaşır və digər ölkələrin valyutası ilə mövcud bazar məzənnəsi üzrə mübadilə edilir [4].
“Kripto” kryptos sözundən yaranıb, yunan dilindən tərcümədə “gizli” deməkdir və informasiyanı şifrələməklə təmin edilir, eləcə də kriptoqrafik (krupto-gizli, qrafo-yazma) alqoritmdən və açardan istifadəni nəzərdə tutur [5]. Kriptovalyuta (kriptopul) elektron qaydada alınıb satılır və ödəniş vasitəsi kimi qəbul edilir. Kriptopulun elektron puldan fərqi ondan ibarətdir ki, elektron pul, ilk növbədə bank vasitəsilə elektron hesaba köçürülməklə yaranır, yəni bu pulun fiziki formadan elektron formaya keçməsi hesab edilir. Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılan, heç bir maliyyə-kredit, bank sistemi və ya dövlət ilə bağlılığı, fiziki dəyəri olmayan, habelə istifadəçilərinin tələb-təklifi ilə dəyər qazanan, kriptoqrafik əlamətinə görə saxtalaşmadan qorunan, eləcə də rəqəmsal qaydada mübadilə olunan virtual pul vahididir.
Bu gün internet məkanında açıq satışda müxtəlif adda və qiymətdə rəqamsal pullar mövcuddur və cari qiymətlərlə kapitallaşmasına görə ən yüksək kriptovalyutalar sırasında aşağıdakıları qeyd etmək olar: Bitcoin - 264 mlrd. dollar; Etherium - 41,2 mlrd. dollar; Bitcoin Cash - 26,5 mlrd. dollar; IOTA - 10,2 mlrd. dollar; Ripple - 9,4 mlrd. dollar; Dash - 5,4 mlrd. dollar; Litecoin - 5,2 mlrd. dollar; Bitcoin Gold - 4,4 mlrd. dollar; Monero - 4 mlrd. dollar; Cardano - 2,7 mlrd. Dollar [7].
Kriptovalyutanın (kriptopulun) heç bir dövlətin maliyyə-pul siyasətindən asılı olmaması, kriptovalyuta ilə aparılan əməliyyatların hər hansı dövlətin iqtisadi və hüquqi tənzimləməsində olmaması bu əməliyyatların qeyri-qanuni əməllərin üsullarına çevrilməsinə, o cümlədən iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərin artmasına və transmilli xarakter almasına şərait yaradır.
"Çirkli pulların yuyulması" üçün istifadə edilə bilən virtual pul vahidləri ilə aparılan əməliyyatlar, habelə kriptopulların alınıb-satılması əməliyyatları, eyni zamanda, vergiyə cəlb edilməli, vergitutma obyekti kimi vergi nəzarətinin təsiri altına düşməli olduğu halda, virtual pul bazarında iqtisadi və nomativ-hüquqi tənzimləmə olmadığından həm "çirkli pulların yuyulması" əməlləri cinayət-hüquqi mühafizə edilmir, həm də virtual pulla aparılan əməliyyatlar vergi nəzarətindən kənarda qalır. Bu hal, nəticə etibarı ilə, beynəlxalq iqtisadi aləm üçün təhlukəli olan və bütün dünya dövlətlərinin ortaq iqtisadi və hüquqi maraqlarına toxunan məsələdir. Virtual pul bazarında iqtisadi və nomativ-hüquqi tənzimləmənin olmaması dövlətlərin milli büdcələrindən külli miqdarda vergi məbləğlərinin yayındırılmasına yol açmaqla, vergi ödəməkdən yayınma cinayətlərinin qloballaşmasına səbəb olur və bu əməllərin törədilməsində təqsiri olan şəxslər barəsində cinayət-hüquqi tədbirlərin görülməsini, iqtisadi cinayətlərlə, o cümlədən vergi cinayətləri ilə mübarizə aparılmasını mümkünsüz edir.
Məhz bu təhlükənin qarşısının alınması məqsədilə dünyanın aparıcı dövlətləri və maliyyə mərkəzləri kriptovalyutaların qanuni hesablaşma pul vahidlərinə çevrilməsinə mane olmağa çalışırlar.
Məsələn, Cənubi Koreya “Bitcoin” daxil olmaqla, bütün kritpovalyutaların ticarətinə qadağa qoymağa hazırlaşır və bununla əlaqədar olaraq yerli birjalarda virtual valyutalarla ticarəti qadağan edən qanun layihəsi də hazırlanır [8]. İsrailin Mərkəzi Bankının rəhbərliyi “Bitcoin”i valyuta deyil, aktiv adlandıraraq, bu kimi virtual valyutaları real valyuta olaraq qəbul etməyəcəyini və bu transaksiyaların ölkənin banklarına və onların müştərilərinə yaratdığı riskə nəzarət etmək üçün nizamlamalar hazırlamağın çətin olacağını bildirib [9]. Çinin Mərkəzi Bankı “Bitkoin” və digər kriptovalyutaların ilkin bazarda emissiyasını qadağan edib və buna son qoyulmasını, təşəbbüskarların isə cəzalandırılmasını tələb edib [10]. Rusiya Mərkəzi Bankı da ölkə ərazisində “Bitkoin”in tətbiq edilməsi haqqında danışmağın hələ çox tez olduğunu hesab edərək, hazırda adı qeyd olunan kriptovalyutanı federasiyanın ərazisində qanuni maliyyə dövriyyəsi metodu kimi qəbul etməyəcəyini bildirib [11]. ABŞ-da isə əksinə, kriptovalyutalara daha liberal yanaşırlar və oradakı tənzimləyicilər, hətta "Bitcoin" üzrə fyuçers kontraktlarının ticarətinə icazə veriblər. Hazırda Çikaqo əmtəə birjasında (Chicago Mercantile Exchange Inc. (CME) və CBOE Futures Exchange (CFE) birjasında "Bitcoin" üzrə fyuçers kontraktları ilə ticarət aparılır [12]. Lakin buna baxmayaraq, ABŞ-ın iri maliyyə holdinqi "JP Morgan Chase" rəhbərliyi onlayn valyuta olan “Bitcoin”in "dələduzluq" olduğunu və "partlayacağını" bildirib [13]. Eyni zamanda, dünyada böyük nüfuza malik olan “Doyçe Bank”ın rəhbərliyi də kriptovalyutalara yatırım etməyi məsləhət görmədiyini bəyan edib [14].
Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbərliyi kriptovalyuta ilə bağlı bankın mövqeyinin konservativ olduğunu, virtual pulları paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktivi kimi qiymətləndirdiyini bildirmişdir. Eyni zamanda, açıqlamada kriptovalyuta ilə “Blokçeyn” texnologiyalarından istifadə problemlərinin və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübənin diqqətlə izlənildiyi də vurğulanmışdır [15].
Kriptovalyutanın virtual bazarda tələb-təklif əsasında formalaşan dəyəri, tələb-təklifdən asılı olaraq dəyərinin qalxıb-düşməsi məzənnə fərqi yaradır, bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə əsasən gəlirdir (satışdankənar gəlir) və vergitutma obyektidir. Kriptovalyuta ilə aparılan digər virtual əməliyyatlardan (malların (işlərin və xidmətlərin) virtual təqdim edilməsi), habelə virtual pulların alınıb-satılması əməliyyatlarından əldə edilən gəlirlər də vergitutma obyektidir. Bu gəlirləri əldə edən və vergi öhdəliyi daşıyan şəxslərin vergiyə cəlb olunmalarını təmin etmək üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə vergi öhdəliyi yaradan xüsusi normaların daxil edilməsi, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən və vergi öhdəliyi daşıyan şəxslərin vergi ödəməkdən, Azərbaycan Respulikasının Cinayət Məcəlləsində nəzərdə tutulan və cinayət tərkibi yaradan miqdarda yayındıqları halda cinayət məsuliyyətinə cəlb edilmələri üçün Cinayət Məcəllələsinə əlavə və dəyişikliklərin edilməsi məqsədəmüvafiq olardı.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 66-cı maddəsinə (qeyri-qanuni gəlir) əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Göründüyü kimi, gəlirlərin qanunla tənzimlənməyən faəliyyətdən əldə edilməsi onun vergiyə cəlb edilməsini istisna etmir və Vergi Məcəlləsinin 66-cı maddəsi vergi və cinayət qanunvericiliklərinə yuxarıda məqsədəmüvafiq hesab edilən əlavə və dəyişikliklərin edilməsi üçün normativ baza rolunu oynayır.
Cinayət Məcəlləsinin 213-cü maddəsində təsbit olunan vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinin tərkibinə əsasən, obyektiv cəhətin əlaməti kimi bu əməlin istənilən üsulla törədilməsi, cinayətin subyektinin vergi ödəmək öhdəliyi olan şəxs olması və ödəməkdən yayındırılan vergi məbləğinin “xeyli miqdar”, yəni iyirmi min manatdan yüz min manatadək olan məbləği təşkil etməsidir. Virtual pul bazarlarında münasibətlərin cinayət-hüquqi mühafizə altına alınması məqsədilə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin qüvvədə olan “vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” redaksiyasında verilmiş sadə tərkibinin;
“vergiləri (qeyri-qanuni əldə edilən gəlirdən vergiləri), işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” redaksiyasında verilməsi təklif olunur.
Təklif Azərbaycan Respublikasında vergi cinayətləri ilə mübarizənin gücləndirilməsinə, həm vergi cinayətkarlığına, həm də “çirkli pulların yuyulması” əməllərinə qarşı transmilli səviyyədə preventiv-porfilaktik tədbirlərin görülməsinə, cəzanın çəkindirmə məqsədinə nail olunmasına, ödənilməli olan vergilərin dövlət büdcəsinə tam və vaxtında ödənilməsinə nəzarətin gücləndirilməsinə və “kölgə iqtisadiyyatı”nın qarşının alınmasına yönəlmiş tədbirlərin effektivliyinin artmasına xidmət edəcəkdir.
Ədəbiyyat siyahısı
Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Biznes xəbərləri” 2016, s. 68
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, “Hüquq yayın evi” , 2018, s. 728
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, “Digesta” nəşriyyatı, 2016, s. 323
www.xcoinx.com
https://translate.academic.ru/Криптография/el/ru
https://report.az/maliyye/en-yuksek-kapitallasmasi-olan-10-kriptovalyuta-mueyyenlesib
https://itc.ua/news/pravitelstvo-yuzhnoy-korei-zayavilo-o-namerenii-zablokirovat-rabotu-birzh-kriptovalyut-v-strane-chto-rezko-obvalilo-kurs-bitcoin
www.amerikaninsesi.org/a/israilin-merkezi-banki-bitcoin-vlayute-deyil-aktivdir/4198436.html
https://report.az/maliyye/bitkoin-ve-diger-virtual-kriptovalyutalar-keskin-ucuzlasib
http://finmarket.az/news/227/rusiya_bitkoin_valyutani_hech_vaxt_leqallashdirmayacaq.html
https://apa.az/tehlil/iqtisadi-xeberler/axina-qarsi-uzen-bitcoin-batacaq-yoxsa-sahile-cixacaq-tehlil-6729.html
http://strateq.az/iqtisadiyyat/197070/abs-in-n%C9%99h%C9%99ng-banki-virtual-valyutaya-muharib%C9%99-elan-etdi.html
http://banker.az/deutsche-bank-investorlara-kriptovalyutalara-yatirim-etməyi-məsləhət-gormur
azertag.az/xeber/Elman_Rustemov_Kriptovalyuta_ile_bagli_Merkezi_Bankin_movqeyi_konservativdir-111373
Xülasə:
Tezisdə Kriptovalyutanın – virtual (rəqəmsal) valyutanın mahiyyəti, kriptovalyuta ilə aparılan virtual əməliyyatların məzmunu açıqlanmış, "çirkli pulların yuyulması" üçün istifadə edilə bilən virtual pul vahidləri ilə aparılan əməliyyatların eyni zamanda, vergiyə cəlb edilməli, vergitutma obyekti kimi vergi nəzarətinin təsiri altına düşməli olduğu halda, virtual pul bazarında iqtisadi və nomativ-hüquqi tənzimləmə olmadığından həm "çirkli pulların yuyulması" əməllərinin cinayət-hüquqi mühafizə edilməməsi, həm də bu əməliyyatların vergi nəzarətindən kənarda qalması məsələsi işıqlandırılmış, bir neçə inkişaf etmiş dünya dövlətlərinin və Azərbaycan dövlətinin kriptovalyuta ilə aparılan əməliyyatlatlara dair rəsmi mövqeləri əks etdirilmiş, kriptovalyuta ilə aparılan əməliyyatların vergitutma obyekti olması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə əsaslandırılmş, vergilərin dövlət büdcəsinə tam və vaxtında ödənilməsinə nəzarətin və vergi cinayətləri ilə mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinə görə məsuliyyət nəzərdə tutan maddəsinə (maddə 213) əsaslandırılmış təklif verilmişdir.
Açar sözlər: kriptovalyuta, virtual (rəqəmsal) valyuta, kriptovalyuta ilə aparılan əməliyyatlar, virtual pul bazarı, çirkli pulların yuyulması, qeyri-qanuni əldə edilən gəlir, vergi cinayətləri ilə mübarizə
Summary:
In the thesis essence of virtual (digital) currency- the crypto currency and subject-matter of virtual activities conducted by the crypto currency were explained, and it was enlightened that “money laundering” actions are not defended criminally and legally as well as these activities are out of tax control because of absence of economical, normative and legal regulations in the virtual money market when activities conducted through virtual currency units that can be used for “money laundering” are also subject to taxation and must be under the influence of tax control as imposition object, and official positions of some developed states and Azerbaijan on activities conducted by the crypto currency were reflected, and referring to provisions of the Tax Code of the Republic of Azerbaijan it was substantiated that activities conducted by the crypto currency is imposition object, an offer based on the item specifying responsibility on Evasion from payment of taxes (Item 213) of the Criminal Code of the Republic of Azerbaijan in order to strengthen control for full and timely payment of tax to the state budget and fight against tax offences was given.
Operative words: crypto currency, virtual (digital) currency, activities conducted by the crypto currency, virtual money market, money laundering, illegally gained income, the fight against tax offences
Резюме:
В статье раскрыта сущность виртуальной (цифровой) валюты, содержание виртуальных операций с криптовалютой, освещен вопрос неосуществления уголовно-правовой охраны действий по «отмыванию грязных денег», а также налогового контроля этих операций по причине отсутствия на рынке виртуальных денег экономического и нормативно-правового регулирования, несмотря на то, что операции с виртуальными денежными единицами, используемыми при «отмывании грязных денег» подлежат налогообложению и налоговому контролю в качестве объекта налогообложения. В тезисе также отражены официальные позиции нескольких государств мира и Азербайджана по отношению к операциям с криптовалютой, обосновано то, что операции с криптовалютой являются объектом налогообложения, со ссылкой на положения Налогового кодекса Азербайджанской Республики, дано предложение, основанное на положении Уголовного кодекса Азербайджанской Республики, предусматривающим ответственность за уклонение от уплаты налогов (статья 213), с целью усиления контроля за полной и своевременной уплатой налогов в государственный бюджет, и борьбы с налоговыми преступлениями.
Ключевые слова: криптовалюта (цифровая валюта), операции с криптовалютой, рынок виртуальных денег, отмывание грязных денег, незаконно полученный доход, борьба с налоговыми преступлениями