Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir – “illik statistik hesabat forması” təsdiq edilmişdir

03 mart 2018    4268 share share

28.02.2018-ci iI tarixdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ötən dövrdə Rəyasət Heyətinin fəaliyyəti, Rəyasət Heyətinin işinin təşkili sahəsində tətbiq olunan yeniliklər, həmçinin vəkillər barəsində daxil olan şikayətlərin statistikası barədə iclas iştirakçılarını məlumatlandırmışdır.

Qeyd olunmuşdur ki, son 4 ilin yekunlarına əsasən, vəkillərin fəaliyyətindən şikayətlərin böyük əksəriyyəti vətəndaşlardan daxil olan müraciətlərdir. Bu kimi şikayətlərin sayının artmasının qarşısının alınması məqsədilə Rəyasət Heyəti tərəfindən vətəndaş-vəkil münasibətlərinin tənzimlənməsi üzrə metodik tövsiyənin hazırlanmasının zəruriliyi vurğulanmışdır.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq hüquq məsləhətxanalarında vəkillərin növbətçilik siyahılarının tərtibi məsələsi müzakirə olunmuş, qeyd olunmuşdur ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən, növbətçilik siyahılarının tərtibi Rəyasət Heyətinin səlahiyyətlərinə aid olsa da, uzun illər bu siyahıların tərtibi və təsdiqi hüquq məsləhətxanalarının özləri tərəfindən aparılmışdır. Mövcud vəziyyətin araşdırılması və bu sahədə olan anlaşılmazlığın aradan qaldırılması məqsədilə Rəyasət Heyətinin bir sıra üzvlərindən ibarət tərkibdə işçi qrup formalaşdırılmış, problemin həlli istiqamətində təkliflərlə çıxış etmələri onlara həvalə olunmuşdur.

İclasda müzakirə olumuş digər əhəmiyyətli məsələlərdən biri kimi dövlət hesabına hüquqi yardım göstərən vəkillərin ibtidai araşdırma mərhələsində məhkəmə məsrəflərinin ödənilməsi idi ki, hazırda ibtiadi araşdırma orqanlarının təcrübəsində bir sıra hallarda ittiham aktı hazırlanaraq yekunlaşdırılqdıqdan sonra müdafiəçilərin məhkəmə məsrəfləri barədə arayışların təmin olunmama hallarına rast gəlinir. Belə olan halda vəkillərin məhkəməyəqədər məsrəfləri qarşılanmaya bilir. Məsələnin həlli ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edilməsi qərara alınmışdır.

Həmçinin iclasda vəkil qurumları tərəfindən verilən illik statistik hesabatın yeni nümunəsi təsdiq olunmuşdur (yüklə). 

Daha sonra bir sıra şəxslərin vəkilliyə qəbulu, fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən vəkillərin müraciətlərinə, habelə Vəkillər Kollegiyası üzvünün mükafatlandırılması və Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmışdır.

İclas öz işini sair məsələlərin müzakirəsi ilə davam etdirmişdir.