Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərimiz beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər

01 oktyabr 2019    466

Sentyabr ayının 27-28-i tarixlərində Dağıstan Respublikasının Maxaçqala şəhərində “Xəzəryanı əməkdaşlıq çərçivəsində vəkillik fəaliyyəti” mövzusuna həsr olunmuş I beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda Xəzəryanı ölkələrin vəkillər kollegiyalarının, o cümlədən, Rusiya Federasiyasının müxtəlif regionlarının vəkillər palatalarının, dövlət ve qeyri-hökümət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişdir.

Beynəlxalq konfransda ölkəmizi Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramov təmsil etmişdir.

Konfrans çərçivəsində vəkillik fəaliyyətini maraqlandıran bir sıra mövzular – vəkilin peşəkar hüquq və vəzifələri, ödənişsiz hüquqi yardım və pro bono, Xəzəryanı inteqrasiya müstəvisində xarici vətəndaşların hüquqları, konfrans ölkələrinin gənc vəkillər təşkilatlarının gələcək əməkdaşlıq perspektivləri və digər mövzular müzakirə olunmuşdur.

Tədbirin açılış nitqi ilə çıxış edən Dağıstan Respublikası Vəkillər Palatasının prezidenti Akif Beybutov konfrans iştirakçılarını salamlayaraq Dağıstan Respublikasında bu cür böyük tədbirin ilk dəfə olaraq keçirildiyini, konfransın həm Xəzəryanı ölkələrin vəkillik təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həm də həmin ölkələrdə vəkillik fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Konfransın açılış nitqləri çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev çıxış edərək ilk dəfə olaraq keçirilən beynəlxalq konfransa dəvət olunduqları üçün təşkilatçılara təşəkkür etmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xəzəryanı ölkələr arasında əməkdaşlığa hər zaman hazır olduğunu, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, eləcə də qeyd olunan ölkələrin vətəndaşlarına hüquqi yardım göstərilməsi istiqamətində müsbət addımlar atıldığını, bu əməkdaşlığın gələcək perspektivlərinin və daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Tədbirin müzakirələrə həsr olunmuş ikinci hissəsində Muxtar Mustafayevin “Vəkilin peşəkar hüquq və vəzifələri” mövzusunda mühazirəsi dinlənilmiş, konfrans iştirakçılarına mövzu ilə bağlı Azərbaycan təcrübəsi, o cümlədən, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə məhkəmələrdə təmsilçilik səlahiyyətinin əsasən Vəkillər Kollegiyasının üzvlərinə həvalə edilməsi və bu dəyişikliyin müsbət nəticələri, eləcə də dövlət hesabına hüquqi yardım göstərən vəkilə ödənilən xidmət haqqının artırılması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan tədbirlər barədə geniş məlumat vermişdir.