Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Vəkillər kollegiyalarının rəhbər şəxslərinin görüşü keçirilib.
Görüşün sonunda tərəflər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəddə hüquqşünaslar arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması və həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və s. məsələlər nəzərdə tutulur.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsi, vəkillik institutunun inkişafı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, bu baxımdan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xüsusi qeyd edib. Bildirib ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin imzaladığı Sərəncam hüquqi dövlətdə vəkillik təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədi daşıyır.
A.Bağırov görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib: “Tədbirdə bu Sərəncamdan irəli gələn məsələlər, eləcə də Azərbaycanda hüquqi yardım institutunun dövlət dəstəyi hesabına inkişafı barədə əlavə tədbirlər haqqında məlumat böyük maraqla qarşılanıb. Görüş iştirakçıları Azərbaycanda vəkillik fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Toplantıda Türkiyədə və Gürcüstanda yaşayan və işləyən azərbaycanlıların, diaspor fəallarının hüquqlarının müdafiəsi ilə bağlı birgə tədbirlərin görülməsi istiqamətində də razılıq əldə olunub. Rusiya Federasiyası təmsilçiləri də Türkdilli Ölkələrin Vəkillər Qurumları Birliyində iştirak barədə müraciət ediblər. Hesab edirəm ki, bu da Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yeni imkanlar açacaq”.