Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağa çağırır.
Bu məqsədlə 2006-cı ildən ədliyyə naziri yanında tərkibi nüfuzlu hüquq müdafiəçilərindən və qeyri-hökumət təşkilatlarından ibarət formalaşdırılan İctimai Komitə uğurla fəaliyyət göstərir. Komitə ədliyyə sahəsində şəffaflığın, ictimai nəzarət və açıq hökumət prinsiplərinin təşviqinə, eləcə də vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir.
Bu məqsədlə İctimai Komitə tərəfindən ictimai iştirakçılığın gücləndirilməsi üzrə tədbirlər çərçivəsində Komitə üzvlərinin Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşü olub.
Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər Azərbaycanda vəkillik institutunun inkişafı, o cümlədən Vəkillər Kollegiyasının infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni vəkil qurumlarının, regional vəkil bürolarının yaradılması, vəkillərin fəaliyyətində müasir innovativ texnologiyaların tətbiqi, elektron hüquqi xidmətlərin göstərilməsinin genişləndirilməsi, şəffaf müsabiqələr əsasında yeni nəsil vəkillərin yetişdirilməsi üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının qatıldığı tədbirdə Vəkillər Kollegiyası ilə İctimai Komitə arasında qarşılıqlı fəaliyyətə dair maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb, Komitə üzvləri tərəfindən vəkillik fəaliyyətinin səmərəsinin daha da artırılması, bu sahədə ictimai nəzarətin təmin olunması, vəkillərin etikası və onların təlimi, əhalinin az təminatlı təbəqəsinə pulsuz hüquqi yardımın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürülüb.