Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DURĞUNLUQDAN ZİRVƏLƏRƏ

29 oktyabr 2019    719

Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunur
 
Elçin QƏMBƏROV,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
 
2019-cu ilin 4 oktyabr tarixində Bakıda Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu, sözün əsl mənasında, yerli vəkilliyin apofeozu idi. Azərbaycanın hüquq sisteminin, demək olar ki, bütün rəhbərliyi, eləcə də 20-dən çox ölkənin nümayəndələri bu konfransda iştirak etmişdirlər.
Azərbaycan hüquq ictimayyətinin etirafına görə, istər Sovetlər dönəmində, istərsə də ölkəmizin müstəqillik illərində vəkilliyə bu qədər diqqət yetirilməmişdir. Vəkillik hər zaman Azərbaycanda hüquq sisteminin “ögey övladı” olub. Anar Bağırov 2017-ci ildə Vəkillər Kollegiyasının sədri seçildikdən sonra vəkilliyin İntibah dövrü başladı. Son iki ildə vəkillik institutunun keyfiyyəti peşəkarlıq baxımından dəyişərək, yüksək status və böyük nüfuz qazanmağa müvəffəq olmuş, vəkil peşəsi isə daha da cəlbedici olmuşdur. Eyni zamanda, Vəkillər Kollegiyası çoxsaylı beynəlxalq əlaqələr qurmuş və bu əlaqələrin inkişafı bü gün də davam etdirilməkdədir. Lakin sözügedən uğurların fonunda Azərbaycana düşmən kəsilmiş müəyyən xarici dairələr tərəfindən zaman-zaman Vəkillər Kollegiyasına qarşı informasiya müharibəsi aparılmaqdadır. Bunun səbəbi nədi? Bu bədxahlar hansı məqsədləri güdürlər? Axı əvvəllər durğunluq içində olan vəkillik onlar üçün maraq kəsb etmirdi. Uğurlar göz qamaşdırmağa başlayan kimi isə, əleyhdarlar ortaya çıxdı.
Məsələ ondadır ki, Qərbdəki müəyyən dairələr vəkilliyi öz siyasi məqsədləri üçün sui-istifadə etmək istəyirlər. Bu amacla da qrantlar ayrılır, ABŞ və Avropada bəzi vəkillər üçün təlimlər keçirilir, sonra isə onlar qondarma “siyasi” cinayət işləri üzrə müdafiəçi qismində cəlb olunurlar. Bu iş prosesində vəkillər KİV-lərdə, sosial şəbəkələrdə, İnternet TV-də respublikada ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş müxtəlif bəyanatlarla çıxış edirlər. Təbii ki, Vəkillər Kollegiyasının rəhbərliyi həm inzibati, həm də profilaktik tədbirlər vasitəsilə bu neqativ halların aradan qaldırılması istiqamətində sistemli şəkildə işlər aparır. Əsas məqsəd vəkilliyi Azərbaycana düşmənçilik bəsləyən qüvvələrin qəsdlərindən qorunmasından ibarətdir.
Bu yazını hazırlayarkən, mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova belə bir sualla müraciət etdim:
“Cənab Sədr, bəzi vəkillər Azərbaycanda guya insan hüquqlarının pozulması və demokratiyanın mövcud olmaması barədə cəfəngiyyat fikirlər ortaya ataraq, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq niyyətini güdən xarici təşkilatlarla sıx əməkdaşlıq edirlər. Həmin təşkilatlar bu vəkillərə qrantlar verir, onlar isə, öz növbəsində, respublikada ictimai-siyasi vəziyyətin gərginləşməsinə və sabitliyin pozulmasına yönəlmiş açıq bəyanatlı çıxışlar edirlər. Müəyyən xarici dairələr öz məqsədlərinə çatmaq üçün illər boyu vəkillikdən bir vasitə kimi faydalanmağa çalışırlar. Eyni zamanda, son iki il müddətində Azərbaycan vəkillik institutunun inkişafı istiqamətində müşahidə olunan uğurlar, onun beynəlxalq nüfuzunun artırılması sözügedən dairələri və onların respublika daxilindəki əlaltılarını qəzəbləndirir, beləliklə, onlar Vəkillər Kollegiyasına və xüsusilə də Sizə qarşı informasiya müharibəsi aparırlar. Bu sayaq çıxışlara necə reaksiya verirsiniz? Sizcə, bədxahların bu cür hiylə dolu əməlləri Azərbaycan vəkillyinin nüfuzuna xələl gətirə bilərmi?”
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov
A.Bağırov: «Keçən il qonağımız olan və Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən məşhur hüquqşünas, dostum Henri Markoviç Reznikdən sitat gətirmək istəyirəm. KİV-də dərc olunan müsahibələrin birində “İndiki zamanda bəzi vəkillər siyasiləşdirilir və Sizin buna münasibətiniz necədir?” sualını Henri Markoviç belə cavablandırmışdı: “Əminəm ki, vəkil siyasiləşdirilməməlidir. Bir vaxtlar mən yolayrıcında qaldıqda, məni də israrla siyasətə qatılmağa çağırırdılar. Konstitusiyada vəkilin siyasi partiyaya üzv olmasına qadağa qoyulmasa da, fikrimcə, bu, fəaliyyət meydanını daraldır. Vəkillik birmənalı olaraq siyasi təşkilat yox, bir institutdur. Siyasətçilərin öz məqsədləri üçün vəkilliyi bəzi siyasi dəyərləri müdafiə etməsi üçün barrikadalara çağırdıqlarına baxmayaraq, vəkillik heç bir halda siyasiləşdirilməməlidir”. Mən onun bu fikri ilə tamamilə razıyam. Əslində, Henri Markoviç bu məsələyə tam şəkildə aydınlıq gətirib. Mən də, öz növbəmdə hesab edirəm ki, vəkillik heç bir halda siyasiləşdirilməməlidir.
BMT-nin hüquqşünas peşəsinə dair Əsas prinsiplərinin birində vurğulanır ki, müştəri kim olursa olsun – terrorçu, dini və ya siyasi xadim vəkil onunla eyniləşməməlidir. Vəkil hər bir vətəndaşı, inancından, baxışlarından, siyasi mənsubiyyətindən və s.-dən asılı olmayaraq, yəni ayrıseçkiliyə yol vermədən müdafiə etməlidir. Bizdə isə nə baş verir? Bəzən vəkil özünü müştərisi ilə eyniləşdirməyə başlayır. Məsələn, bir siyasətçini müdafiə edən vəkil siyasi təşviqatla məşğul olur, din xadimini müdafiə edən vəkil qatı din xadiminə çevrilir, bu isə peşəmizin fəlsəfəsinə tamamilə ziddir.
Beləliklə də, özümüzü siyasi və ya dini xadimlə tənləşdirərək, cəmiyyətə məhz bu baxışların tərəfdarı olduğumuzu göstəririk. Sabah isə vəkil fərqli baxışlara sahib bir müvəkkili müdafiə etmək məcburiyyətində qala bilər. Bəs onda necə olacaq? Axı əvvəllər vəkil tamamilə əks baxışlardan çıxış edirdi. Belə çıxır ki, hal-hazırda müdafiəsini üzərinə götürdüyü müvəkkilin baxışları vəkilə yaddır. Cəmiyyətdə və insanlar arasında belə təəssürat yarana bilər ki, vəkil müştərisini tam şəkildə müdafiə etmək iqtidarında deyil.
Vəkil öz fəaliyyətini həyata keçirərkən, müştərini formal şəkildə qorumalı deyil, vəkil veteranların təbirincə desək, bu işə can qoymalıdır. Lakin vəkil müəyyən bir əqidə tərəfdarı olduğu halda, əks əqidə sahibi olan müştərini tam, peşəkar şəkildə necə qoruya bilər? Bunun mümkün olmasını iddia edənlər olsa belə, mən bunun mümkünsüz olduğundan əminəm, çünki vəkil, ilk növbədə, bir insandır və onun baxışları, əqidəsi onun müdafiə taktikasına mənfi təsir göstərəcək. Şübhəsiz, müdafiə etdiyi şəxs də vəkilinə heç vaxt inanmayacaq. İnsanlar vəkilə etibarını itirsə, bu hal, xalqın ümumilikdə bütün vəkillik institutuna olan etimadına təsir göstərəcək. Hətta yeganə bir hal belə vətəndaşlarda vəkillərə qarşı inamsızlıq yarada bilər. Mən hesab edirəm ki, vəkil siyasi və ya digər fəaliyyətlə məşğul ola bilər, qanun bunu qadağan etmir, lakin bunun üçün peşəsindən, apardığı işlərdən istifadə edərək, açıq şəkildə təşviqatla məşğul olmamalıdır. Vəkil peşəkar fəaliyyət sahəsindən kənarda öz istədiyi kimi hərəkət etməkdə sərbəstdir, lakin cinayət və ya mülki işlərdən siyasi və ya digər məqsədlər üçün istifadə etməsi yolverilməzdir.
Müxtəlif təşkilatlara, xarici dövlətlərə, siyasi partiyalara gəlincə isə, cənab H.M.Reznikin də dediyi kimi, onlar vəkilləri öz barrikadalarına cəlb etməyə çalışırlar. Əlbəttə, vəkillərdən sui-istifadə etmək çox əlverişlidir, lakin mən həmişə deyirəm ki, vəkil heç bir zaman kimlərinsə əlində alətə çevrilməməlidir. Bu, peşəmizin imicinə, cəmiyyətdəki nüfuzuna böyük ziyan vurur. Bəzən ölkəmizə və cəmiyyətimizə qeyri-sağlam maraq bəsləyən müəyyən qüvvələr (detalları açıqlamaq istəmirəm) Azərbaycanı zəiflətməyə, öz maraqları uğrunda marionet kukla halına gətirməyə çalışırlar. Əlbətdə, zəif bir ölkənin (məsələn, Ermənistanın) bir kuklaya çevrilməsi bəzi dövlətlər, müəyyən beynəlxalq təşkilatlar üçün faydalıdır, çünki bu halda onu idarə etmək, onunla manipulyasiya etmək asanlaşır.
Azərbaycan dövlətinin başçısı isə ağıllı, müdrik, savadlı bir siyasət yürüdür, biz maraqlar tarazlığını qoruyuruq, digər ölkələrə və beynəlxalq təşkilatlara hörmətlə yanaşırıq, lakin eyni zamanda, gərəkli məsafəni də saxlayırıq ki, heç kim bizim suveren işlərimizə qarışa bilməsin. Amma şirnikləndirici amillər mövcuddur və bir çoxları Azərbaycanı kiçik bir dövlət hesab edərək, bizi idarə etməyə çalışır. Biz bir qədər geosiyasətə daldıq. Lakin nə etməli? Bizi daim bu məsələlərə sürükləməyə çalışırlar, biz isə Vəkillər Kollegiyasının fəaliyyətinin müstəqil, vətəndaşların maraqlarına cavab verməyə qadir olması üçün kifayət qədər hazırlıqlıyıq. Hər bir hüquqşünas tarix, siyasət və geosiyasət kimi sahələrə yaxşı bələddir. Ancaq hər şeydən əvvəl biz, hüquqşünaslar, bu ölkənin vətəndaşlarıyıq. Bizim üçün əsas dəyər Vətənimizin güclü və müstəqil olmasıdır. Güclü bir dövlət olmadan və cəmiyyətdə birlik olmadan, aktual problemləri həll etmək mümkün deyil. Odur ki, istənilən dövləti zəiflətmək üçün cəmiyyətdə nifaq yaratmaq gərəkdir. Çox təəssüf edirəm ki, bu məqsədlər naminə bəzən vəkillərdən sui-istifadə etməyə çalışırlar.
Mən iki ilə yaxındır Vəkillər Kollegiyasına rəhbərlik edirəm və dəfələrlə vəkillərimizdən bu sayaq işlərdə istifadə etmək cəhdlərinə rast gəlmişəm. Vəkil öz müvəkkilinin mətbuat katibi deyil. Dediyim kimi, bəzi qüvvələr vəkilin cəmiyyətdə vəziyyəti gərginləşdirməyə, vətəndaşlar arasında narazılığın yaranmasına və Azərbaycanın beynəlxalq arenada nüfuzdan salınmasına yönəlmiş bəyanatlarla çıxış etməsində son dərəcə maraqlıdırlar. Bu sayaq bəyanatların böyük əksəriyyəti həqiqətə uyğun deyil (Məsələn, guya hansısa müvəkkilın döyüldüyü, öldürüldüyü, işgəncələrə məruz qaldığı barədə iddialar). Bu cür iddialar sübut tələb edir. Vəkil öz çıxışını sıravı bir vətəndaş kimi deyil, hüquqşünas kimi qurub əsaslandırmalıdır. Bu cür bəyanatlarla vəkil qanunu, təqsirsizlik prezumpsiyasını pozur, axı belə iddiaları ortaya atmaqla, o, kimisə cinayət törətməkdə günahlandırmış olur. Lakin məhkəmənin hökmü olmadan, heç kim cinayətkar elan edilə bilməz. Vəkil hüquq sahəsinın peşəkarıdır və belə səhvlərə yol verə bilməz. Nəticədə isə, bütün bunlar məmurların, müəyyən qurumların etirazına səbəb olur. Onlar “Nə üçün vəkillər səbəbsiz, konkret sübutlar olmadan, bizi cinayət törətməkdə ittiham edirlər?” deyə gileylənirlər. Bu cür iddiaları müvəkkilin qohumları və ya hüquqşünaslıqdan uzaq olan bir şəxs irəli sürsə, bu bir məsələ, vəkilin bu sayaq davranması isə tamamilə başqa məsələdir. Cəmiyyətdə elə fikir yarana bilər ki, əgər bunu vəkil söyləyirsə, deməli, həqiqətdir. Axı vəkil həqiqət carçısıdır. Bədxah qüvvələr də elə vəkillərin bu cür açıqlamaları ilə ölkədəki vəziyyətin gərginləşməsini istəyirlər. Hər kəsə – səfirliklərə və beynəlxalq təşkilatlara bildirirəm: biz sizlərə hörmət edirik, ölkələrinizin işlərinə qarışmırıq, siz də bizə hörmət göstərməlisiniz və bizim işlərimizə müdaxilə etməməlisiniz. Bu gün Vəkillər Kollegiyasının işlərinə hətta Azərbaycan dövləti belə müdaxilə etmir. Biz 1999-cu ildən etibarən, müstəqil, özünü idarə edən bir qurumuq. Öz dövlətimizdən asılı olmadığımız halda, digər dövlətlərdən heç asılı deyilik.
Detalları açıqlamayacam, lakin bəzi səfirliklər bizim imtahanlarımızı müşahidə etmək istəyini bildiriblər. Mən onlara yaxşı bir cavab verdim: öncə siz ölkənizdə keçirilən imtahanları izləmək üçün bizə şərait yaradın. Hər şey qarşılıqlı olmalı və bərabərlik prinsipi üzərində qurulmalıdır. Birtərəfli oyun qaydaları bizi qane etmir. Heç kimə bunu etməyə imkan vermərik.
2017-ci ildə respublikanın hər yerindən gələn nümayəndə heyətlərinin iştirakı ilə Vəkillər Kollegiyasının konfransı keçirildi. Həmin konfransda demokratik yolla Kollegiyanın yeni rəhbərliyi, Rəyasət Heyəti və İntizam Komissiyası seçildi. Avropa Şurası da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar bizi seçkilərin uğurla həyata keçirilməsi münasibətilə təbrik etdilər, yəni bu gün biz tamamilə legitim bir qurumuq və bizim legitimliyimizi heç kim şübhə altına ala bilməz.
Birliyimizi, möhkəmliyimizi, monolitliyimizi nümayiş etdirməmiz bir çoxlarının ürəyincə deyil. Bu gün Kollegiyanın Rəyasət Heyətinin ətrafına Azərbaycan vəkilliyinin inkişafını, onun cəmiyyətdəki rolunun güclənməsini, statusunun yüksəlməsini, peşəmizin prestij və nüfuzunun artırmasını səmimi arzulayan güclü bir həmfikir komanda toplanıb. Yubileyimiz münasibətilə təşkil olunmuş son tədbirlərimiz yerli vəkilliyin öz birliyi sayəsində ən çətin və mürəkkəb işləri kənardan kömək almadan həll etməyə qadir güclü, möhkəm, bacarıqlı, savadlı bir komanda olduğunun əyani sübutudur. Son iki ildə biz bir çox məqsədimizə nail olmuşuq və təbii ki, bu uğurlar heç də hamını sevindirmir. Bizə düşmən mövqeyində dayanan bədxahlar Vəkillər Kollegiyasına qarşı hücuma keçir, eləcə də qurumdan bu və ya digər səbəblərdən çıxarılan, ləkələnmiş reputasiyası olan şəxslərin xidmətlərindən istifadə edirlər.
Əvvəlki illərdə Vəkillər Kollegiyası normal idarəetməsi və kargüzarlığı olmayan, xaotik fəaliyyət göstərən bir təşkilat idi. Sadəcə bir neçə aydan bir şikayətləri araşdıran Rəyasət Heyəti və bir neçə işçidən ibarət solğun, mənəvi cəhətdən köhnəlmiş, şəraitsiz binada fəaliyyət göstərən aparat mövcud idi. Təəssüf ki, bu, sözün əsl mənasında, vəkilliyin parodiyasından başqa bir şey deyildi. Son iki ildə isə köklü dəyişikliklər baş verdi: vəkillərin və vəkil qurumlarının sayı iki dəfədən çox artdı. Azərbaycan vəkilliyinə çalışqan, bacarıqlı, gənc mütəxəssislərin axını başladı. Onlardan bir çoxunun təcrübəsi az olsa da, yeni nəsil kifayət qədər biliyə sahibdir, təcrübə isə zamanla əldə olunacaq.
Bir şeyi əminliklə deyə bilərəm: gözümüzün önündə gənc vəkillərin parlaq pleyadası yetişir. Onlar peşəmizin layiqli davamçılarıdır. Bu həyatda heç nə və heç kim əbədi deyil. Bu, təbii bir prosesdir. Belə davamçıların olması sevindirici haldır, biz onlara kömək etməli, dəstəkləməli və heç bir şəkildə qarşılarında əngəllər yaratmamalıyıq.
Yuxarıda qeyd etdiyim kimi, bizim uğurlarımızdan məmnun olmayanlar da var. Bəzi dairələr arasında kriminal keçmişi olan insanlar var ki (adlarını çəkmək istəmirəm, onlar üçün böyük şərəf olar), vəkillərimizlə müəyyən işlər görür və pul mükafatı müqabilində onlara peşə vəzifələrinə uyğun olmayan əməkdaşlıq təklif edirlər. Məndə sübutlar da var, belə ki, bu cür söhbətlərdən sonra bəzi vəkillər yanıma gələrək, özləri mənə bu barədə danışırlar. Mən bu rüsvayçılığa göz yuma bilmərəm. Həmkarlarım mənə etimad göstərərək, məni Kollegiyanın sədri seçiblər. Odur ki, vəkillik institutunun əsl müstəqilliyini təmin etməyi öz başlıca vəzifələrimdən biri hesab edirəm.
Fəaliyyətimizə müxtəlif dövlət qurumları tərəfindən müdaxiləyə çox sərt reaksiya verirəm. Bir neçə dəfə vəkillərimizin fəaliyyətinə müdaxilə cəhdlərinin qarşısını almışıq. Amma bunu səs-küysüz, KİV-də reklam etmədən həyata keçirmişik. Bütün bu kimi məsələlər dövlət orqanları ilə iş qaydasında həll olunur. Məsələlərin bu cür həll edilməsi həm vəkilləri məmnun edir, həm də dövlət qurumları tərəfindən müsbət qarşılanır. Belə şeyləri ictimailəşdirmək nəyə gərəkdir axı? Biz vacib, aktual problemləri həll etməli və şou yaratmamalıyıq. Elə bu səbəbdən də bizə hörmət bəsləyirlər, fikirlərimizi dinləyirlər, nöqteyi-nəzərimiz isə dövlət tərəfindən anlayışla qarşılanır. Bu da dövlət və vəkillik arasındakı münasibətlərin ideal olmasının göstəricisidir. Biz bu nailiyyətimizi yüksək qiymətləndiririk və dəyər veririk.
Hər kəs – həm beynəlxalq təşkilatlar, həm də müəyyən xarici dairələr bilməlidirlər ki, dövlətlə münasibətimizi kiminsə spekulyativ maraqları naminə qurban verməyəcəyik. Dövlət Konstitusiyada təsbit edilmiş vətəndaşların hüquq və azadlıqlarının qorunmasına dair öhdəliklərini ləyaqətlə yerinə yetirir. Konstitusiyada yazıldığı kimi, hər bir vətəndaş keyfiyyətli hüquqi yardım almaq hüququna sahibdir və bu funksiyanı biz vəkillər həyata keçiririk. Üzərimizə düşən missiyanı ləyaqətlə yerinə yetirmək biz vəkillərin vəzifəsidir».
Prezident İlham Əliyevin “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanda hüquq peşəsinin inkişafı üçün taleyüklü sayıla bilər. Ölkənin hər yerində yeni vəkil büroları açılır və hüquqi yardım əhali üçün nisbətən əlçatan olub. Vəkillərin cəmiyyətdəki nüfuzu günbəgün artmaqdadır.
Vəkillər Kollegiyası müxtəlif dövlət qurumları ilə əməkdaşlıq memorandumları imzalayır, o cümlədən beynəlxalq əlaqələrin inkişafına, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Beləliklə, qısa müddət ərzində Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnsan Hüquqları üzrə Komissarlığı və Uşaq Hüquqları üzrə Komissarlığı, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ), Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və s. ilə əlaqələr qurulub.
Azərbaycan vəkilliyi yarandığı gündən bu günədək həm şanlı səhifələri, həm də uğursuzluqların yaşandığı böyük bir yol keçmişdir. Bu gün isə bir əsrlik yolu qət edən Azərbaycan vəkilliyi yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bakıda keçirilən beynəlxalq konfransda çıxış edən Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko demişdi: “Abşeron yarımadasında bir çiçəyin necə açdığını, yəqin ki, görmüsünüz. Həmin çiçək – Azərbaycan vəkilliyidir. Azərbaycan vəkilliyində köklü dəyişikliklər baş verib. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları qeyd etmək lazımdır. Eyni zamanda, Heydər Əliyev kimi bir insanı unutmamaq gərəkdir. O, təkcə Azərbaycan üçün deyil, slavyan xalqları və bütün keçmiş SSRİ üçün də olduqca əhəmiyyətli bir şəxsiyyətdir”.
Azərbaycan vəkilliyinin sürətli inkişafı barədə Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Mətin Feyzioğlu da öz növbəsində bu cür fikir bildirmişdir: “Anar Bağırovun sədrliyi dövründə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası böyük inkişaf yolu keçmişdir. Güclü hüquqi dövlət olmaq güclü məhkəmə, güclü məhkəmə isə güclü vəkillik institutunun mövcudluğundan keçir”.
İki il ərzində qazanılan uğurlar Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adı ilə bağlıdır. Bu fikirlə təkcə vəkillər deyil, Azərbaycanın bütün hüquq ictimaiyyəti, eləcə də bir çox ölkələrin vəkil qurumlarının rəhbərləri də razılaşır. Anar Bağırov öz təşkilatçılıq bacarığı ilə və həmkarlarla səmimi münasibəti ilə cəmiyyətdə böyük hörmət qazanıb. Bütün vəkilləri özü tərəfindən təməlini qoyduğu Azərbaycan vəkilliyinin gözəl gələcəyinə dair ümid və inama “yoluxduran” məhz Anar Bağırovdur.
P.S. Məqalə nəşrə hazırlanarkən, intriqaları ilə tanınan “siyasətçi” İlqar Məmmədov sosial şəbəkələrin birində status yazaraq, Anar Bağırovun Vəkillər Kollegiyasının sədri vəzifəsindən istefa etmədiyi təqdirdə, beynəlxalq təşkilatları Vəkillər Kollegiyasını maliyyələşdirilməsini dayandırmağa çağırıb. Vəkillər Kollegiyasının rəhbəri isə buna, həmişəki kimi, özünəməxsus tərzdə cavab vermişdir: “Sədəqə hesabına yaşayan qrant dilənçilərindən fərqli olaraq, Vəkillər Kollegiyası heç bir zaman qrant almayıb və buna ehtiyacı da yoxdur”.
Bəzi Qərb dairələri İlqar Məmmədovun onların təsir agenti olacağına çox ümid bəsləyirdi, amma, deyəsən, səhvə yol veriblər: İ.Məmmədov heç bir təsir yıyəsi olmadan sadəcə agent oldu. Onun fəal müxalif fəalliyət aparmağa hünəri yetməz, siyasi hiyləbaz olmaq isə əlindən yaxşı gəlir, xüsusən də xaricdən verilən qrantlar müqabilində. Bütün şüurlu həyatı boyunca qrantlar hesabına həyat sürən bir dilənçi olaraq, öz zəhməti ilə işləyib pul qazanmağın mümkün olması fikri İlqar Məmmədova yaddır. Siyasi gündəmdə qalmaq üçün ona hər zaman bir “mövzu” gərəkdir: gah heç kimə lazım olmayan 40.000 imza toplamaq, gah qadın piketində iştirak etmək, indi isə “Evrika!” – Anar Bağırovun istefasını tələb etmək. Çətini canını dişinə sıxıb dayanıqlı olmaqdır: bir də gördün cəsur müxalifətçı imitasiyası mükafatlandırılaraq, coxdandır sayıqladığı sədəqəni – deputat mandatını – reallığa çevirdi. İlqar Məmmədov və onun kimiləri anlamalıdır ki, Azərbaycan vəkilliyi müstəqildir, o cümlədən maddi cəhətdən və lazım gələrsə, “realist”in əbədi uzanan ovcuna bir-iki qəpik ata bilər.
Görəsən, İlqar kimiləri hansı səbəbdən Anar Bağırova, Vəkillər Kollegiyasına qarşı bu qədər qərəzlidir? Səbəb aydındır: onlar Qərbdəki qrant paylayıcılarının sifarişi ilə öz məqsədlərini reallaşdırmaq yolunda Azərbaycan vəkilliyini, bir növ, alətə çevirməyi arzulayırdı. Biz bu işin necə, harada və kim tərəfindən aparıldığını yaxşı bilirik. Onların qismətində isə fiaskoya uğramaq var imiş. Azərbaycan vəkilliyi misilsiz uğurları ilə özünü titan zənn edən siyasi liliputlar üçün əlçatmaz zirvəyə çevrilib.

Mənbə - http://antitezis.az/2019/10/29/durgunluqdan-zirv%c9%99l%c9%99r%c9%99/