Oxucuların diqqətinə Vəkillər Kollegiyasının üzvü Allahverən Oruclunun ölkəmizdə kommersiya məhkəmələrinin qurulması və bu istiqamətdə Fransa və Belçikanın tərübəsinə həsr olunmuş yazısını təqdim edirik.
KOMMERSİYA MƏHKƏMƏLƏRİ
1. Kommersiya Məhkəmələri. Yeni məhkəmə - yeni qanunvericilik
2. Avropa (Fransa və Belçika) təcrübəsində kommersiya məhkəmələri
1. Kommersiya Məhkəmələri: Yeni məhkəmə - yeni qanunvericilik
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur.
“İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 saylı Sərəncamına əsasən isə, 2020-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilir, Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində ayrı-ayrılıqda müvafiq olaraq inzibati məhkəmələr və kommersiya məhkəmələri təşkil edilir.
Kommersiya məhkəmələri hansı işlərə baxacaqdır?
“Məhkəmələr və hakimlər haqqında” Qanuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilən və 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə baxır.
Dəyişikliklərlə MPM-də istifadə edilmiş “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilir (habelə, MPM-də “inzibati-iqtisadi məhkəmə” ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə əvəz edilir).
Göründüyü kimi, kommersiya mübahisələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir, MPM-nin əvvəlki redaksiyasında qeyd edilən iqtisadi mübahisələri əhatə edir və belə mübahisələrə kommersiya məhkəmələri baxacaqdır.
Bu məqamda sahibkarlıq fəaliyyətinin qanunvericilikdə verilmiş tərifinə də diqqət yetirilməlidir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Oxşar tərif Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 13-cü maddəsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (VM) 13.2.37-ci maddəsində də verilmişdir.
Sahibkarlıq fəaliyyətinə aid əsas tələb qeydiyyat və uçot tələbidir.
Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanları aparır.
Habelə, VM-nin 33.3-cü maddəsi tələb edir ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) VM ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
Məhkəmə aidiyyəti qaydaları
Qanunvericiliyə edilmiş son dəyişiklərlə məhkəmə aidiyyəti qaydalarına da yenidən baxılır və mübahisələrin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini tənzimləyən 25 və 26-cı maddələr əhəmiyyətli dəyişikliyə uğrayaraq yeni redaksiyada verilir.
Həmin dəyişikliyə əsasən, MPM-nin mübahisələrin ümumi məhkəmələrə aidiyyətini tənzimləyən 25-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
“25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”.
Həmin maddənin əvvəlki mətni daha geniş idi. Lakin qanunverici əvvəlki mətndə olan sadalamalardan imtina edir və aidiyyətin müəyyənləşdirilməsi üçün artıq ictimai münasibətlərin növlərini, subyektləri və onların statuslarını əsas götürmür, işləri əsasən 1 kriteriya üzrə fərqləndirir - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlər və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlər.
Digər tərəfdən, yeni qanunla MPM-nin 26-cı maddəsi də qısa formada aşağıdakı redaksiyada verilmişdir:
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”
Burada da qanunverici əvvəlki mətndəki mübahisələrin növlərinin sadalanmasından imtina edir. Bu da, düzgün mövqedir, çünki bazar iqtisadiyyatı şəraitində daim inkişafda olan və yeniliklərə açıq olan sahibkarlıq (kommersiya) münasibətlərindən irəli gələn xeyli sayda yeni növ mübahisələr yarana bilər ki, onları qabaqcadan qanunda nəzərdə tumaq mümkün deyildir. Digər tərəfdən qabaqcadan nəzərdə tutulmuş bəzi mübahisə növləri zamanla öz əhəmiyyətini itirə bilər və norma ölü normaya çevrilə bilər.
Beləliklə, yeni redaksiyada qanunverici düzgün olaraq ümumi qaydada kommersiya mübahisələri anlayışından istifadə etmişdir ki, bu anlayış da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan bütün mübahisələri əhatə edir.
Digər tərəfdən, yeni redaksiyada verilmiş 25.2-ci maddəyə əsasən, “ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar”.
İstinad olunan 26.2-ci maddədəki istisnalar MPM-nin 40-5-ci fəslində (yəni, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraatda) nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda MPM-nin 35-ci (yəni, itirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)) və 40-2-ci (yəni, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) fəsillərində nəzərdə tutulmuş işlərə aiddir. Beləliklə, həmin işlərə kommersiya məhkəmələri baxırlar. Ümumi məhkəmələr isə yuxarıda sadalananlar istisna olmaqla, MPM-in 305-ci maddəsində qeyd edilən xüsusi icraat qaydasında baxılan bütün digər işlərə baxırlar (məsələn, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında və s. işlərə).
Bundan başqa, 30-cu maddəyə edilən dəyişikliyə əsasən 2020-ci il yanvarın 1-dən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Halbuki, əvvəlki redaksiyada oxşar vəziyyətdə tələblərə ümumi məhkəmədə baxılırdı. Bu hal da özü-özlüyündə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında qeyd edilən, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədinə xidmət edən norma hesab edilə bilər.
Təklif
Gələcəkdə meydana çıxan hər hansı növ mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub-olmamasının müəyyən edilməsində mübahisənin olmaması üçün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə geniş ümumi tərifin verilməsi və onun iqtisadi və hüquqi elementlərinin müəyyən edilməsi məqsədəmüvafiq olardı (məsələn, vergi qanunvericiliyindəki sahibkarlıq fəaliyyəti və qeyri-sahibkarlıq fəaliyyəti fərqləri, və s. kimi). Bu ümumi tərif və elementlər bir standart meyar kimi istənilən mübahisənin təbiətini müəyyən etməyə imkan verə bilər.
2. Avropa (Fransa və Belçika) təcrübəsində kommersiya məhkəmələri
Fransada kommersiya məhkəmələri
Fransa kommersiya məhkəmələri (Tribunal de commerce) Fransa məhkəmə sisteminin ən qədim məhkəmələrindəndir. Onlar orta əsrlərdə yaradılıb. İlk kommersiya məhkəməsi 1419-cu ildə Lyonda yaradıldı. Bənzər məhkəmələr daha sonra 1549-cu ildə Tuluzada, 1556-cı ildə Rouendə və 1563-cü ildə isə Parisdə yaradıldı.
Kommersiya məhkəmələri Fransanın ümumi məhkəmə sisteminə aiddir. Bu məhkəmələrin səlahiyyətləri, tərkibi və səlahiyyətləri Fransa Kommersiya Məcəlləsi ilə müəyyən edilir.
Kommersiya məhkəmələri Elzas və Moselle bölgələri istisna olmaqla bütün Fransa daxilində səlahiyyətlərini həyata keçirirlər (istisna olan bölgələrdə kommersiya məhkəmələrinin səlahiyyətlərini ümumi yurisdiksiya məhkəmələrinin kommersiya palataları həyata keçirir).
Hazırda Fransada 134 kommersiya məhkəməsi var. Məsələn, Paris Kommersiya Məhkəməsi - Tribunal de Commerce de Paris (https://www.tribunal-de-commerce-de-paris.fr/), Lyon Kommersiya Məhkəməsi, Tuluz Kommersiya Məhkəməsi, Bordo Kommersiya Məhkəməsi və s.
Fransada kommersiya məhkəməsi, Kommersiya Məcəlləsinə əsasən, üç seçilmiş hakim və katibdən ibarət olan birinci instansiya məhkəməsidir.
Bu məhkəmələrin hakimləri (juge consulaire) ixtisaslı hakimlər deyil, onlar sahibkarlar və əksər hallarda özəl müəssisələrin rəhbərləridir. Onlar iki pilləli prinsip əsasında seçilirlər. Birincisi, sahibkarların xüsusi reyestrinə daxil olan bütün sahibkarlar öz aralarından səlahiyyətli nümayəndələri seçirlər. Bundan sonra həmin səlahiyyətli nümayəndələrin, habelə kommersiya məhkəmələrinin hazırki və keçmiş hakimlərinin daxil olduğu heyətlər (kollegiya) kommersiya məhkəmələrinin hakimlərini seçirlər.
Hakimlər 4 il müddətinə seçilir (ilkin iki illik sınaq müddətindən sonra). 2009-cu ildən etibarən onlar ilkin təlim keçirlər. Kommersiya məhkəmələri hakimlərinin səlahiyyətlərinin icrasına ardıcıl olaraq dörd müddətə qədər icazə verilir.
Sahibkarlar və müəssisə rəhbərləri arasından seçilən kommersiya məhkəmələrinin hakimləri müəssisələrin idarə edilməsinin iqtisadi və maliyyə məsələlərində, habelə müəssisələri böhrandan çıxarmaq və müəssisələrin aktual məsələlərini həll etmək üçün optimal həll yolları tapmaqda ən səriştəlilərdəndirlər. Bundan əlavə, bu hakimlərin müstəqilliyi onların qərar vermə prosesində kollegial olması ilə də təmin olunur (kommersiya məhkəməsi tərəfindən hər hansı bir qərarın qəbul edilməsi üçün üç hakimin iştirakı tələb olunur), bu da proses iştirakçılarının təsir risklərini məhdudlaşdırmağa imkan verir.
Kommersiya məhkəməsinin katibi məmurdur və ədliyyə naziri tərəfindən təyin edilir, 27 yanvar 2016-cı il tarixindən etibarən katib əlavə bir müsabiqə seçimindən sonra təyin olunur.
Kommersiya məhkəmələri sahibkarlar arasında, sahibkarlar və kommersiya şirkətləri arasında ticarət mübahisələrinə, kommersiya bankları ilə bağlı mübahisələrə, həmçinin kommersiya müqavilələri və sazişlərə dair mübahisələrə, ləğvetmə, müflisləşmə və iflas işlərinə baxırlar. Fiziki şəxs ayrıca iddiaçıdırsa mübahisənin tərəfi ola bilər. Bu vəziyyətdə, o, kommersiya məhkəməsinə və ya ümumi yurisdiksiyalı məhkəməyə müraciət etməkdə sərbəstdir.
Kommersiya məhkəməsinin qərarı qətidir və mübahisənin məbləği müvafiq məbləğdən (4 000 avrodan) az olduqda ondan şikayət verilə bilməz. Əksinə, mübahisənin məbləği müvafiq məbləğdən artıq olduqda bu qərardan şikayət verilə bilər. Fransada ayrıca xüsusi kommersiya apelyasiya məhkəmələri yoxdur, apelyasiya şikayətinə ümumi yurisdiksiyalı apellyasiya məhkəməsinin kommersiya palatası (Chambre commercial de la Cour d'Appel) baxır. Palata üç hakimdən ibarətdir: sədr - təyin olunmuş peşəkar hakim və sahibkarlar arasından seçilən iki hakim. Kassasiya şikayəti verildikdə, verilmiş kassasiya şikayəti kassasiya məhkəməsinin kommersiya palatası (Chambre commerciale de la Cour de Cassation) tərəfindən baxılır.
Kommersiya məhkəmələrinin əsas üstünlüklərindən biri də işlərə kifayət qədər tez baxılması, həmçinin tərəflər üçün böyük maliyyə xərclərinin olmamasıdır. Hakimlər hüquqi və etik qaydalara tabedirlər və onlara riayət edilməsinə sərt nəzarət var.
Kommersiya məhkəmələrinin məmurlardan təşkil edilən dəftərxanası (Greffe) əlavə olaraq bəzi inzibati işləri də yerinə yetirir, məsələn, şirkətlərin, təşkilatların qeydiyyatını aparır, reyestrləri saxlayır, müvafiq şəhadətnamələr verir və s.
Belçikada kommersiya məhkəmələri
Belçikada kommersiya məhkəmələri 1 noyabr 2018-ci ildən Müəssisə Məhkəməsi (Tribunal de l’entreprise) adlanır.
Müəssisə məhkəməsi bir və ya daha çox palatadan ibarətdir. Hər bir palata peşəkar hakim və iki məsləhətçi hakimdən ibarətdir. Məsləhətçi hakimlər peşəkar hakimlər deyil, Fransada olduğu kimi, sahibkarlar, şirkət direktorları, mühasiblər, auditorlar və s. peşə sahibləridir. Hüquqi təhsili olmayan bu hakimlər ticarət və sənaye assosiyasiyaları tərəfindən təklif edilir və Kral tərəfindən 5 il müddətinə təyin edilir. Onlar iş dünyası təcrübələri ilə peşəkar hakimə kömək edirlər.
Müəssisə məhkəməsi birinci instansiya məhkəməsi olaraq fərdi sahibkarlar, yəni peşə fəaliyyətini fərdi qaydada həyata keçirən fiziki şəxslər (treyderlər, mütəxəssislər və idarəçilər), hüquqi şəxslər (şirkətlər, birliklər və fondlar) və hüquqi şəxs olmayan qurumlar arasındakı mübahisələrə, habelə, müflisləşmə, iflas, müəssisənin ləğvi kimi işlərə baxır.
1 iyul 2014-cü ildən etibarən Müəssisə Məhkəməsi aşağıdakı şəkildə tərif edilən "şirkətlər arasındakı mübahisələrə" baxmaq səlahiyyətinə malikdir: "şirkətlər arasındakı mübahisələr" "davamlı iqtisadi məqsəd güdən bütün şəxslər arasında olan, bu məqsədlə əlaqədar edilmiş aktla bağlı olan və digər xüsusi yurisdiksiyanın yurisdiksiyasına aid olmayan mübahisələrdir".
Bundan əlavə, sahibkara qarşı iddiası olan qeyri-sahibkar istəsə, iddiasını Müəssisə məhkəməsinə verə bilər. Lakin, bir sahibkar qeyri-sahibkara qarşı Müəssisə məhkəməsi qarşısında hər hansı bir məhkəmə icraatı başlada bilməz.
Tərəflər məhkəmənin qərarına etiraz etmək istəyirlərsə, apelyasiya məhkəməsinə müraciət edirlər. Lakin mübahisənin dəyəri 2500 avrodan az olan Müəssisə məhkəməsinin qərarları Apelyasiya Məhkəməsinə şikayət edilmir.
Bəzi hallarda dövlət ittihamçısı Müəssisə məhkəməsinə müdaxilə edir.
Müəssisə məhkəmələri hər bir məhkəmə dairəsinə hesabat verirlər.
Fransada olduğu kimi, Belçikada da Müəssisə məhkəmələrinin məmurlardan təşkil edilən dəftərxanası əlavə olaraq bəzi inzibati işləri də yerinə yetirir, məsələn, şirkətlərin, təşkilatların qeydiyyatını aparır, reyestrləri saxlayır, müvafiq şəhadətnamələr verir və s.
Belçikada inzibati-regional bölgüyə əsasən 9 Müəssisə məhkəməsi var : Brüsseldə iki Brüssel Müəssisə Məhkəməsi (1 flamandilli və 1 fransizdilli - www.tcfb.be), Louvain Müəssisə Məhkəməsi, Nivelles Müəssisə Məhkəməsi və s.