Bu gün Holday İnn mehmanxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) birgə təşkilatçılığı ilə “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilməkdədir.
Avropa Şurasından olan beynəlxalq ekspertlərin, hüquq alimləri, hakimlərin, vəkillərin və hüquq ictimaiyyətini nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əsas diqqət Avropa Şurasının “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”na verilmiş, bu istqamətdə CEPEJ-nin prezidenti Ramin Qurbanov, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidentinin köməkçisi Gündüz Kərimov, Hüquq və İnsan Haqları İnstitutunin direktoru Aytən Mustafazadə tərəfindən çıxışlar dinlənilmişdir.
Sonra CEPEJ-nin eksperti Georg Stava tərəfindən adı çəkilən Xartiyanın məzmunu barədə təfərrüatlı təqdimat təqdim olunmuşdur. Xüsusilə Xartiyanın prinsipləri – Fundamental hüquqlara hörmət: süni intellektlə əlaqədar metod və xidmətlərin hazırlanması və tətbiqi işi fundamental hüquqlara uyğun gəlməlidir; “İstifadəçi nəzarəti altında” prinsipi: göstərişlərə əsaslanan münasibətlərin qarşısının alınması, istifadəçilərin məlumatlandırılması və seçimlərinə nəzarət edə bilmələrinin təmin edilməsi və digər prinsiplər barəsində misallar çəkilərək məlumat verilmişdir.
Daha sonra digər beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tədbirdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən təmsil olunmuşdur.