Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur.
Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 30 noyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Quba və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Bakı şəhəri 8 saylı və 10 saylı Vəkil Büroları tərəfindən Heydər Əliyev Mərkəzində 25-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılmışdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.