Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat vermişdir.
İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin təkrar müzakirəsi keçirilmişdir, habelə “Vəkil idman klubuna dəstək fondu”nun təsis olunması qərara alınmışdır.
Daha sonra Vəkillər Kollegiyası üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, bundan başqa, Bakı şəhəri “Arbitium” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılaraq müsbət qərar verilmişdir.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.