Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası əsassız iddiaları təkzib edir

16 mart 2018    3462 share share

Bir sıra kütləvi informasiya vasitələrində “Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verirlər” başlıqlı yazılar işıq üzü görmüşdür. Yazılarda qeyd olunur ki, jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Buna səbəb isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərarıdır. Həmçinin jurnalistlərdən Aynur Qəmbərova mətbuata “Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da, onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır.” bildirmişdir. Həmçinin KİV-də iddia olunur ki, Vəkillər Kollegiyasının rəhbərliyi telefon zənglərinə cavab vermir.

Qeyd olunanlar ilə bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Vəkillər Kollegiyasının üzvləri qanuna əsasən, ona müraciət edən şəxslərin siyasi baxışlarından, hər hansı təşkilata mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, istənilən şəxsə keyfiyyətli və peşəkar hüquqi yardım göstərməkdədir.

Jurnalistlərin iddiaları ilə əlaqədar Vəkillər Kollegiyası hesab edir ki, adları çəkilən şəxslər öz hüquqlarının müdafiəsi ilə bağlı ilk əvvəl Vəkillər Kollegiyasına qanunauyğun qaydada müraciət etməli idi və yalnız bundan sonra əgər onların hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasaydı, bu zaman onlarının iddiaları iftiradan uzaq və tutarlı hesab olunardı. Ona görə də, jurnalistlərin hazırkı iddiaları son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmaqla Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addım kimi tərəfimizdən qiymətləndirilməkdədir.

Eyni zamanda, “Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsini bilən vəkillərin sayının azlığı” ilə bağlı iddiaya münasibətdə bildiririk ki, Avropa Məhkəməsinə müraciət qaydaları və Məhkəmənin presedent praktikasının öyrənilməsi üzrə Avropa Şurası, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyasının birgə keçirdiyi təlimlərdə 600-dən artıq vəkil təlimlər keçmişdir ki, Avropa Məhkəməsinə müraciət proseduru barədə vəkillər həm məlumatlı, həm də bu sahədə təcrübəlidirlər.

Həmçinin məlumat üçün bildiririk ki, əvvəlki illərdən fərqli olaraq, Vəkillər Kollegiyası ictimaiyyətə daha açıq və əlçatandır ki, bunu son dövlər yerli mətbuat səhifələrindən rahatlıqla müşahidə etmək mümkündür. Habelə Kollegiyanın rəhbərliyi və mətbuat xidməti istənilən vaxt KİV nümayəndələrinin sorğularına və zənglərinə cavab verir və bu iddialar həqiqəti əks etdirmir. Qeyd olunmalıdır ki, Kollegiya rəhbərliyinin və Rəyasət Heyətinin aparatının əlaqə vasitələri Kollegiyanın rəsmi internet səhifəsində (barassociation.az) ictimaiyyət üçün açıqdır.

Sonda, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bəyan edir ki, Kollegiya bundan sonra da ölkə vətəndaşlarının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsini və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə fəaliyyətini ən yüksək peşəkar standartlara cavab verməklə davam etdirəcəkdir.