Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 31 yanvar 2020-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq və kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək imtahanda 245 namizəd iştirak edəcəkdir.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər, daimi əsaslarla davam edən sənəd qəbulunda 192 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdır.
Əlavə məlumat üçün +994 12 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.